ABŞ Dövlət Departamentinin rəsmisi, yanvar ayından bu günə qədər bütün viza növləri üzrə ümumilikdə 85 min vizanın ləğv edildiyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu rəqəmin ötən il ləğv edilən vizaların sayından iki dəfədən çox olduğu bildirilib.
Ləğv edilən vizalar arasında 8 mindən çox tələbə vizası da var. Rəsmilər bu yüksək rəqəmin, Prezident Donald Trampın rəhbərlik etdiyi administrasiyanın həm ABŞ daxilindəki miqrantlara qarşı tədbirləri, həm də ölkəyə girişləri məhdudlaşdırmağa yönəlmiş daha geniş siyasətinin bir hissəsi olduğunu bildiriblər.
Dövlət Departamentinin nümayəndəsi, son bir ildə ləğv edilən vizaların təxminən yarısının spirtli içki qəbul edərək avtomobil idarəetməsi, hücum və oğurluq kimi cinayətlərlə əlaqəli olduğunu qeyd edib.
Qalan viza ləğvlərinin səbəbləri açıqlanmasa da, əvvəllər viza müddətinin başa çatması və “terrorizmə dəstək” kimi səbəblərin əsas gətirildiyi xatırladılıb.
Trampın ikinci dönəmi ilə birlikdə Dövlət Departamenti viza müraciətlərinə nəzarət meyarlarını əhəmiyyətli dərəcədə sərtləşdirib.
Keçən həftə göndərilən diplomatik yazışmaya əsasən, yüksək ixtisaslı işçilərə verilən “H-1B” vizaları üçün “gücləndirilmiş təhlükəsizlik yoxlaması” çərçivəsində məzmun nəzarəti və təsdiqləmə sahəsində çalışan şəxslərin də viza müraciətlərinin rədd edilə biləcəyi bildirilib.
Yeni qaydalara əsasən, tələbə vizası üçün müraciət edən şəxslərdən sosial media hesablarını ictimai şəkildə açıq saxlamaq tələb olunur.
Diplomatik yazışmada isə “onlayn varlığın məhdud görünməsi və ya bağlı olması bəzi fəaliyyətlərin gizlədilməsi məqsədi daşıya bilər” ifadəsi yer alıb.