EN

Məryəm Qafarzadə: ICESCO-nun əsas məqsədi region üçün vahid platforma olmaqdır

Bakı, 9 dekabr, Günel Alıyeva, İlkin Cavanşirov, AZƏRTAC

ICESCO – İslam dünyasında mədəniyyət, elm və təhsilə həsr olunmuş, İslam Əməkdaşlıq Təşkilatının ixtisaslaşmış beynəlxalq qurumudur və 53 üzv ölkə ilə əməkdaşlıq edir. Bakıdakı nümayəndəlik təşkilatın Tehrandakı və Şarcadakı ofislərindən sonra üçüncü regional ofisdir. Bu ilin aprel ayında Bakıda regional ofisin rəsmi açılışı olub. Regional ofisin məhz Azərbaycanda açılması ölkəmizin həm regionda, həm də ümumilikdə İslam dünyasında oynadığı mühüm rolunu, gücünü və böyük potensialını nümayiş etdirir. Bir azərbaycanlı olaraq, Bakıda ICESCO-nun regional ofisinin açılması mənim üçün xüsusi qürur mənbəyidir. Bu, Azərbaycanın regionda və bütövlükdə İslam dünyasında artan nüfuzunun, mədəni, elmi və intellektual potensialının göstəricisidir .

Bu fikirləri AZƏRTAC-a açıqlamasında ICESCO-nun Bakı Regional Ofisinin direktor müavini Məryəm Qafarzadə bildirib.

O qeyd edib ki, təşkilat üçün əsas prioritet bütün region üçün platforma rolunu oynamaq, birgə layihələr icra etmək, ICESCO-nun əsas təşəbbüslərini və proqramlarını bu məkan boyu həyata keçirməkdir:

“Hazırda biz iki regionda – Qafqaz və Mərkəzi Asiyada fəaliyyət göstəririk. Bakı Regional Ofisinin çətiri altında beş ölkə yer alır: Azərbaycan, Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstan. Bu ölkələrin çox qədim tarixi, zəngin mədəni irsi, geniş coğrafiyası var və mən xüsusilə gənclərin potensialını vurğulamaq istərdim. Bu ölkələrdə çox yaradıcı, müasir düşüncəli, enerjili gənc nəsil formalaşıb”.

Direktor müavini bildirib ki, ilkin mərhələdə ICESCO Azərbaycan Mədəniyyət Nazirliyi və Bakı Dövlət Universiteti ilə birgə iki il əvvəl akselerasiya proqramına start verib: “C-Hub proqramı məhz A-Hub akselerasiya proqramının məntiqi davamıdır. C-Hub dedikdə biz artıq “cultural technologies” – mədəniyyət sahəsində texnologiyaların inkişafı və bu sahədə fəaliyyət göstərən startapların bir araya gətirilməsindən danışırıq. A-Hub akselerator proqramı çərçivəsində 150-dən çox beynəlxalq startap bir platformada toplaşmışdı. Bakı və Şuşada genişmiqyaslı müsabiqələr keçirilmiş, qaliblər müəyyənləşdirilərək təltif olunmuşdu. Bu proses bir daha göstərdi ki, gənclərin potensialı həqiqətən çox yüksəkdir. Mədəniyyət, audiovizual sahə, moda, kino sənayesi, eləcə də qida təhlükəsizliyi kimi müxtəlif istiqamətlərdə bir çox startaplar ortaya çıxdı və inkişafını davam etdirdi”.

Məryəm Qafarzadə vurğulayıb ki, Bakı Regional Ofisinin məqsədi bu cür startapları və layihələri regional formata çıxarmaqdır: “Hazırda bu istiqamətdə fəal şəkildə çalışırıq. Əhatə etdiyimiz beş ölkə arasında ən yaxşı təcrübə və nümunələrin paylaşılmasına tam hazırıq. Bu baxımdan Azərbaycandakı “Yaradıcı Hub”ı xüsusi nümunə kimi göstərə bilərəm. Burada gənclərin toplaşması, yeni startap və ideyaların yaranması üçün çox gözəl şərait formalaşdırılıb. Belə nümunələrin digər ölkələrdə də yayılması və ortaq layihələrin gerçəkləşdirilməsi üçün biz əlimizdən gələn dəstəyi göstərməyə hazırıq”.

 

 

Chosen
49
azertag.az

1Sources