EN

İtaliya dondurulmuş Rusiya aktivlərinin istifadəsini Avropa üçün riskli hesab edir

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Avropada dondurulmuş Rusiya aktivlərinin Ukraynaya "təzminat krediti" kimi istifadəsi risklidir və müzakirə olunan təkliflərin heç biri beynəlxalq hüquqa uyğunluğu təmin etmir.

Bizimyol.info xəbər verir ki, bu fikri İtaliyanın Avropa işləri üzrə naziri Tommaso Foti "La Stampa"ya verdiyi müsahibədə bildirib.

"Bizim üçün dondurulmuş Rusiya aktivlərinin istifadəsinə gəldikdə, siyasi maraqları beynəlxalq hüquqa uyğunluqla uzlaşdırmaq vacibdir. Və bu, ciddi problemdir. Müzakirə olunan təkliflərin heç biri beynəlxalq hüquqa uyğunluğu təmin etmir", - deyə o bildirib.

Nazir həmçinin etiraf edib ki, aparıcı Avropa ölkələri indiyə qədər sülh prosesinə təsir göstərə və danışıqların başlamasına şərait yarada bilməyiblər. Baxmayaraq ki, o, Avropanın rolunun sadəcə faydalı deyil, həm də iştirakının vacib olduğuna əmindir. Foti əlavə edib ki, "ABŞ-Avropa oxunu qorumaq çox vacibdir".

Bundan əvvəl Avropa Komissiyası 2026-2027-ci illərdə Ukraynanı maliyyələşdirmək üçün "təzminat krediti" sxemi adı altında Avropadakı 210 milyard avro dəyərində bütün dondurulmuş Rusiya aktivlərini müsadirə etmək planını açıqlayıb. Həmçinin, Aİ-yə üzv olmayan Qərb ölkələrini də bu təşəbbüsə qoşulmağa çağırıb.

Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, Avropada müzakirə olunan Rusiya aktivlərinin müsadirə edilməsi oğurluq aktı olacaq. Rusiyanın ədliyyə naziri Konstantin Çuyçenko ölkə mətbuatına bildirib ki, Qərb ölkələri tərəfindən Rusiya aktivlərinin mümkün müsadirəsinə cavab olaraq təkliflər artıq ölkə rəhbərliyinə təqdim edilib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, Moskva bu cür hərəkətləri cavabsız qoymayacaq.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
27
icma.az

1Sources