EN

BDYPI: Sükan arxasında sərxoşluq ağır yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biridir

Bakı, 10 dekabr, AZƏRTAC

Nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi ağır nəticəli yol-nəqliyyat hadisələrinə səbəb olan əsas amillərdən biridir.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) AZƏRTAC-a bildirilib ki, statistik məlumatlara əsasən, ötən həftə ölümlə nəticələnən yol-nəqliyyat hadisələri arasında sərxoşluq amilinin yer alması həmin təhlükənin hələ də aktual olduğunu göstərir. Görülən nəzarət-profilaktik tədbirlər nəticəsində sərxoşluq səbəbindən baş verən yol qəzalarının sayı ötən ilin 11 ayı ilə müqayisədə 12 fakt azalaraq 7-yə düşsə də, xüsusilə toy və digər şadlıq mərasimləri zamanı sərxoş halda sükan arxasına əyləşən sürücülərin olması təhlükənin tam aradan qalxmadığını göstərir.

Sərxoş vəziyyətdə sükan arxasına əyləşməyiin doğurduğu nəticələr təkcə sürücünün deyil, eyni zamanda, digər yol hərəkəti iştirakçılarının və onların ailələrinin həyatına ağır təsir göstərir. Hər belə fakt bir neçə nəfərin taleyində silinməz iz buraxır. Ona görə də inzibati tədbirlərlə yanaşı, hər bir vətəndaşın şəxsi məsuliyyət hissi ilə hərəkət etməsi böyük əhəmiyyət daşıyır.

“BDYPİ bir daha sürücülərə müraciət edərək, sərxoş halda nəqliyyat vasitəsi idarə etməyin ağır və geridönüşü olmayan nəticələrə səbəb olduğunu xatırladır, baş verən hadisələrdən düzgün nəticə çıxarmağa, özlərinin və başqalarının həyat və sağlamlığına qarşı məsuliyyətli və diqqətli davranmağa çağırır”, - deyə məlumatda vurğulanıb.

Chosen
17
25
azertag.az

10Sources