EN

Sülh missiyasının ilk görüntüləri

ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı son məktub

Cənubi Qafqazın siyasi gündəmini yenidən dəyişdi. Məktubun məzmunu həm Vaşinqtonun regiona baxışında dəyişikliklərin dərinliyini göstərir, həm də Azərbaycanın sülh təşəbbüslərinin artıq qlobal müstəviyə daşındığını sübuta yetirir.

Trampın “Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq, dünyada münaqişələrə son qoymağa, bütün insanlar üçün sülh və rifahın təmin edilməsinə sadiq qalıram. Sizin davamlı tərəfdaşlığınızla qeyri-mümkün nə varsa, ona nail olacağıq” fikri Bakının illərdir göstərdiyi siyasi iradə ilə üst-üstə düşür. Bu paralellər həm də yeni bir sualı gündəmə gətirir: Belə sinxronluq təsadüfdür, yoxsa regionda yeni geosiyasi arxitektura qurulur?

Ağ Evin ədaləti bərpa etmək qətiyyəti universal bir niyyət kimi səslənir. Lakin siyasətdə belə ümumi bəyanatlar konkret məzmun tələb edir. Trampın məktubundakı vurğu onu göstərir ki, Vaşinqton bu dəfə regional reallıqları daha praktik və nəticəyönlü kontekstdə görməyə çalışır. Axı “ədaləti bərpa etmək” ritorikası konkret prinsip və addımlara çevrilməlidir. Buna görə də təbii sual ortaya çıxır: Vaşinqtonun “ədaləti bərpa etmək” formulu Cənubi Qafqaz üçün nə deməkdir? Cavab odur ki, bu formul uzun müddətdir regionda bəslənən qeyri-real gözləntilərin, manipulyasiya olunmuş status-kvonun və tərəflər arasında tarazsız müdaxilələrin tədricən uzaqlaşdırılmasıdır. Daha sadə desək, ABŞ indi siyasi həllin əsasını BMT tərəfindən tanınmış ərazi bütövlüyü və beynəlxalq hüquq prinsipləri üzərinə qoymağa çalışır; bütün bu amillər, həmçinin, münaqişənin səbəblərini tarixi mifləşdirmədən və xarici güc intervensiyalarından ayırıb praktiki razılaşmalar üzərində işləməyi nəzərdə tutur.

Hazırkı vəziyyət Vaşinqtonun rolunda bir dönüş deməkdir. Yəni Ağ Ev vasitəçilikdən daha çox, reallığı formal olaraq qəbul edib prosesləri koordinasiya edən tərəf kimi çıxış etməyə üstünlük verir. Belə dəyişim trayektoriyası, ilk növbədə, regiondakı aktorların davranış modellərinə təsirini göstərir. Bakı üçün hazırkı vəziyyət öz mövqeyini beynəlxalq hüquq çərçivəsində möhkəmləndirmək və tələblərini legitimləşdirmək imkanını genişləndirir. İrəvan üçün isə əvvəlki populyar və emosional ritorikadan strateji və gerçəkçi siyasətə keçid tələb edir. Eyni zamanda, xarici güclərin – xüsusən Rusiya və İranın – yeni yanaşmaya reaksiyası da vacibdir: əgər ABŞ regiondakı diplomatik fəallığını artırırsa, Rusiya üçün həm meydan oxuma, həm də əməkdaşlıq variantları yaranır. Vaşinqton isə balanslaşdırılmış münasibət nümayiş etdirərək, böyük güclərin maraqlarını nəzərə almağa məcburdur. Praktiki nəticələrə gəldikdə, “ədaləti bərpa etmək” formulu sərhədlərin, mülkiyyət hüquqlarının və azad hərəkət səylərinin hüquqi qaydaya salınmasını, məcburi köçkünlərin və zərərçəkmişlərin hüquqlarının bərpasını və kommunikasiyaların açılmasını ehtiva edir. ABŞ-ın bu çərçivəni dəstəkləməsi Vaşinqtonun daha geniş regional sabitlik və iqtisadi fayda maraqlarını nəzərə aldığını göstərir.

***

8 avqust Zəfəri Bakının beynəlxalq hüquqa əsaslanan siyasət yürütmək əzmini təsdiqlədi. 44 günlük müharibədən sonra regiondakı tarixi düsturlar dəyişdi: Bakı artıq reallıqları diktə edən, prosesləri aparan və gündəmi müəyyənləşdirən tərəfdir. Mövcud kontekstdə analitik sual öz-özünə yaranır: ABŞ Bakı ilə hansı “qeyri-mümkün” hədəflərin reallaşdırılmasını nəzərdə tutur?

Sualın cavabını məhz 8 avqustdan sonrakı geosiyasi düzəndə axtarmaq lazımdır. Uzun illər beynəlxalq vasitəçilərin “çətin”, “mürəkkəb”, “zaman tələb edən” adlandırdığı bir model – yəni regionda tam suverenliyin bərpası və dayanıqlı sülh formatının qurulması – artıq praktik həqiqətə çevrilib. “Qeyri-mümkün” hesab edilən məhz bu idi: Ermənistanın danışıqlardan yayınmaq imkanlarının məhdudlaşdırılması, separatizmin legitim platformalardan tam çıxarılması və Bakının sülh prosesinin əsas memarı statusunun beynəlxalq səviyyədə tanınması. Bütün bunlar 8 avqust Zəfərindən sonra mümkün oldu. Həmçinin Azərbaycan Zəfərdən 3 il sonra öz suverenliyini tam bərpa etməklə, regionun siyasi koordinatlarını dəyişdi. Ermənistan ilk dəfə olaraq danışıqlara ideoloji şərtlərlə yox, real vəziyyətin diktəsi ilə getməyə məcbur qaldı.

ABŞ administrasiyası üçün bu yeni reallıq mühümdür. Çünki bu administrasiya uzunmüddətli sülhün yalnız Bakının liderliyi ilə mümkünlüyünü anlayır. Burada diqqətçəkən digər məqam ondan ibarətdir ki, Vaşinqton indiyədək nadir hallarda bir regional gücün mövqeyini bu qədər açıq şəkildə qəbul edib. Bəli, Tramp administrasiyası qəbul edir ki, “qeyri-mümkün” görünən sülh modeli yalnız Azərbaycanın siyasi iradəsi, çevik diplomatiyası və təhlükəsizlik arxitekturasını öz gücü ilə yaratması sayəsində mümkünə çevrilib.

***

Cənubi Qafqaz ABŞ siyasətində uzun illər boyunca yanlış oxunan region olub. Müxtəlif administrasiyalar problemə həmişə ya sentimental yanaşıb, ya da regionun real güc balansını nəzərə almayan, daha çox daxili siyasi lobbilərin təsiri altında formalaşan strategiyalar tətbiq edib. Trampın məktubu isə göstərir ki, Ağ Ev bu dəfə illərin ardıcıl səhvlərini kənara qoymaq və regiona daha rasional, faktlara əsaslanan baxış gətirmək əzmindədir. Tramp konkret nələri dəyişdi? Onun dəyişdirdiyi məqamlar bir neçə bənddən ibarət olsa da, hər biri regionda illərlə davam edən və haqqında söz açdığımız yanlış oxumaların sonunu gətirir.

İlk növbədə, əvvəlki administrasiyalar Ermənistanı regionun “kiçik, zəif və müdafiəyə ehtiyacı olan aktoru” kimi təqdim edib, birtərəfli qaydada ölkənin lehinə olan siyasi yanaşmalara üstünlük veriblər. Tramp bu xətti dəyişdirdi və Vaşinqtonun Ermənistana münasibətində “tarazlı obyektivlik” prinsipini ön plana çəkdi.

İkinci dəyişiklik Bakı ilə birbaşa strateji təmas xəttinin genişləndirilməsidir. Əvvəllər ABŞ-ın region siyasəti dolayı kanallar üzərindən qurulurdu – daha çox Brüssel formatı, ATƏT mexanizmləri və ya qlobal müttəfiqlər vasitəsilə. Tramp isə prosesə şəxsən daxil olmaqla, ABŞ–Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldırdı.

Üçüncü mühüm dəyişiklik ABŞ-ın sülh danışıqlarında neytral vasitəçi formatına qayıtmasıdır. Əvvəlki administrasiyalar bəzən neytrallığı qoruyurmuş kimi görünür, əslində isə balansı pozan yanaşmalar sərgiləyirdilər. Tramp isə proseslərin legitim şəkildə aparılması üçün neytral platformanın vacibliyini anlayır və hər iki ölkəyə simmetrik məsafə saxladığını göstərir.

Nəhayət, dördüncü dəyişiklik regionu Rusiya–İran–Qərb qarşıdurmasının tərkib hissəsi olmaqdan çıxarmaq cəhdidir. Cənubi Qafqazı qlobal güc aktorlarının oyun meydanı yox, əməkdaşlıq və inteqrasiya məkanı kimi görmək yalnız real siyasi tərəfdaşlarla mümkündür. Tramp belə bir formatı yalnız Bakı ilə koordinasiya nəticəsində effektiv hesab edir. Bütün bunların fonunda ABŞ siyasəti bəlkə də ilk dəfə olaraq Cənubi Qafqazda emosional, tarixi stereotiplərə əsaslanan yanaşmadan çıxıb rasional, nəticəyönlü bir xəttə keçir. Trampın dəyişdirdiyi məhz budur: siyasət real gücün, real hüququn və real tərəfdaşlığın üzərində qurulur.

***

Azərbaycanın təqdim etdiyi sülh paketi uzun illər davam edən manipulyativ diplomatiyanın, qeyri-real siyasi ritorikanın və beynəlxalq vasitəçilərin qeyri-obyektiv mövqelərinin yaratdığı “qeyri-müəyyənlik zonasını” tamamilə dağıtdı. ABŞ və Avropa artıq anlayır ki, regionda sülhün təminatı yalnız Bakıdan keçə bilər. Məhz bu səbəbdən Azərbaycan tərəfindən irəli sürülən paket “regionun gələcək nizamının təməl sənədi” kimi dəyərləndirilir.

Bəli, bu gün Cənubi Qafqazda sülh gündəminin əsas müəllifi məhz Bakıdır. Prezident İlham Əliyevin ardıcıl, məqsədyönlü və reallığa əsaslanan siyasəti regionda təhlükəsizliyin bərpasına, həmçinin böyük aktorlar üçün davamlı əməkdaşlıq formatının yaranmasına imkan verib. Azərbaycan yeni geosiyasi düzənin konturlarını müəyyən edən dövlət kimi çıxış edir. Burada əsas analitik sual meydana çıxır: Azərbaycanın sülh carçısı rolunun davamlı olması üçün nə lazımdır?

Azərbaycanın sülh carçısı rolunun uzunmüddətli və davamlı olması bir neçə əsas şərtin təminindən asılıdır. İlk növbədə, Ermənistan revanşist ritorikadan və köhnə siyasi davranış modelindən tam şəkildə uzaqlaşmalı, yeni regional nizamın tələblərinə uyğun konstruktiv mövqe nümayiş etdirməlidir. Paralel olaraq, həm Qərb, həm də regional güclər Bakının formalaşdırdığı reallıqları qəbul edib bu çərçivədə əməkdaşlığa əsaslanan siyasət yürütməlidirlər. Region daxilində kommunikasiya xətlərinin açılması, iqtisadi inteqrasiyanın dərinləşməsi və qarşılıqlı ticarət axınlarının genişlənməsi isə tərəflər arasında dayanıqlı asılılıq yaradan mühüm mexanizmdir. Bütün bunlarla yanaşı, Azərbaycanın öz diplomatik fəaliyyətini ardıcıl, praqmatik və balanslı kurs üzərində davam etdirməsi sülh modelinin möhkəmlənməsini təmin edir. Bu amillər bir araya gəldikcə, Azərbaycan həm regionda, həm də beynəlxalq səviyyədə “sülh və sabitlik məkanı” kimi öz mövqeyini daha da gücləndirir və Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının əsas dayağına çevrilir.

Son olaraq qeyd edək ki, sülhə aparan proses artıq geridönməz məntiqə əsaslanır: tərəflər arasında etimad mexanizmləri formalaşır, geosiyasi düzən yenilənir və beynəlxalq aktorların rolu daha dəqiq cızılır. Cənubi Qafqazın gələcəyi ilk dəfə olaraq konflikt deyil, sabitlik və qarşılıqlı fayda fəlsəfəsi üzərində qurulur.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Chosen
17
xalqqazeti.az

1Sources