Bakı, 10 dekabr, AZƏRTAC
Dekabrın 10-da dünya ictimaiyyəti BMT Baş Assambleyasının 1950-ci ilin dekabrında keçirilən plenar iclasında rəsmi olaraq təsis edilmiş İnsan Hüquqları Gününü qeyd edir. Bütün dövlətlərə və maraqlı təşkilatlara bu günü qəbul etmək və müvafiq tədbirlər keçirmək təklif olunub.
AZƏRTAC xəbər verir ki, bu tarixiBMT Baş Assambleyası tərəfindən 1948-ci il dekabrın 10-da irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və ya digər fikirlərindən, milli və ya sosial mənşəyindən, mülki, silki və ya digər vəziyyətindən asılı olmayaraq hər bir insana xas olan ayrılmaz hüquqları elan edən əlamətdar sənəd olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin (ÜİHB) qəbul və elan edilməsi ilə əlaqədar seçilib. Milyonlarla insanın yaşamaq hüququ da daxil olmaqla, bütün mümkün hüquqları tapdalayan dəhşətli İkinci Dünya müharibəsindən demək olar ki, dərhal sonra qəbul edilən bu sənəd insan hüquqları ilə bağlı müddəaları formalaşdıran ilk qlobal sənəd oldu. Bəyannamə geniş siyasi, mülki, sosial, mədəni və iqtisadi hüquqlar siyahısını əhatə edir.
Bu sənəd dünyada digər sənədlərdən daha çox tərcümə olunur: mətn 577 dildə mövcuddur, bu da Bəyannamənin universal xarakteri və yayılma miqyasından xəbər verir. Digər beynəlxalq sazişlərin işlənib hazırlanması onun əsasında həyata keçirilib.
Bu, təəccüblü deyil, axı insan hüquqları hər bir insana hər gün təsir göstərir, fərdlərin və icmaların imkanlarını genişləndirir, onlara daha yaxşı bir gələcək qurmağa imkan verir. İnsan hüquqlarına riayət edilməsi və yaşamaq istədiyimiz dünyanı yaratmaq üçün onların güclü potensialına inam bizə onu daha dinc, bərabər və davamlı etməyə kömək edəcək.
2025-ci ilin mövzusu – “İnsan hüquqları, gündəlik həyatımızın ayrılmaz parçasıdır”. Bir çoxlarının qeyri-müəyyənlik, məyusluq və yadlaşma hissi keçirdiyi bu dəyişikliklər və gözlənilməzlik dövründə günün mövzusu insan hüquqlarının dəyərini bir daha təsdiqləyir və onların əvvəlki kimi bəşəriyyətə fayda verdiyini göstərir.
“Bu kampaniya vasitəsilə BMT insanların insan hüquqlarına diqqətini yenidən cəlb etməyə çalışır, onların gündəlik həyatımıza necə təsir etdiyini, çox vaxt həmişə fərqinə varmadığımız şəkildə göstərir. Çox vaxt adi qəbul edilən və ya mücərrəd fikirlər kimi qəbul edilən insan hüquqları hər gün etibar etdiyimiz fundamental prinsiplərdir.
İnsan hüquqları prinsiplərini gündəlik təcrübəmizlə əlaqələndirməklə, biz dərketməni oyatmaq, inam vermək və kollektiv hərəkətlərə sövq etməyə çalışırıq.
BMT-nin Bəyanatında deyilir: “Günün kampaniyası insan hüquqlarının müsbət, zəruri və əldə edilə bilən olduğunu vurğulayır”.
Qeyd edək ki, hər beş ildən bir, dekabrın 10-da Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin elan edilməsinin ildönümündə BMT-nin İnsan Hüquqları sahəsində mükafatın təqdimetmə mərasimi keçirilir. Bu mükafat 1966-cı ildə insan hüquqlarının təşviqi və qorunması işinə mühüm töhfələr verən şəxsləri mükafatlandırmaq üçün təsis olunub və ilk dəfə 1968-ci ildə təqdim edilib.