EN

Pasport tapılmadı, həyatı təhlükəyə düşdü – Qaxda azyaşlı dializ xəstəsinin harayı

Qax rayonunun Əmircan kənd sakini İxtiyar Mirzəbəyov azyaşlı dializ xəstəsi olan qızının dövlət xəstəxanalarında müalicə etdirilə bilməməsi ilə bağlı kömək istəyir. Onun sözlərinə görə, Özbəkistan vətəndaşı olan qızı Xəzangül böyrək çatışmazlığından əziyyət çəkir və həkimlər vəziyyətini ağır qiymətləndirirlər. Lakin uşağın xarici vətəndaş olması səbəbindən dövlət tibb müəssisələri onu qəbul etmir. Ata bildirir ki, məcbur qalaraq hər həftə qızını Bakıda yerləşən özəl xəstəxanalara aparır və bu müalicə ona həftəlik 400–500 manata başa gəlir. Maddi imkanlarının tükəndiyini deyən valideyn artıq çıxılmaz vəziyyətdə qaldığını bildirir.

Məsələnin hüquqi tərəfi ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Leyla Aslanova bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, ölkə ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də həyati vacib tibbi yardım almaq hüququna malikdirlər.

Onun sözlərinə görə, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna əsasən, həyat üçün təhlükə yaradan hallarda dövlət tibb müəssisələri təcili tibbi yardımı və həyati zəruri prosedurları ödənişsiz və ayrı-seçkilik olmadan göstərməyə borcludur.

Dializ isə birbaşa həyatı xilas edən tibbi xidmət sayılır və bundan imtina edilməsi qanunsuzdur.

Leyla Aslanovanın sözlərinə görə, əgər azyaşlı uşaq Azərbaycanda faktiki yaşayırsa və valideyni Azərbaycan vətəndaşıdırsa, bu halda dövlət qurumlarının məsuliyyəti daha da artır:

“Dövlət xəstəxanası belə xəstəni qəbul etməkdən imtina edirsə, bu, artıq ağır hüquqi pozuntudur. Valideyn TƏBİB-ə, Səhiyyə Nazirliyinə, Ombudsman Aparatına rəsmi müraciət etməli, nəticə olmazsa, məhkəməyə müraciət etməlidir. Məhkəmə bu cür işlərdə adətən uşağın və ailənin xeyrinə qərar verir”.

Qeyd edək ki, hazırda övladının həyatı üçün çarəsiz qalan İxtiyar Mirzəbəyov aidiyyəti dövlət qurumlarına müraciət edərək, qızının dövlət xəstəxanasında pulsuz və fasiləsiz dializ müalicəsinə cəlb olunmasına kömək göstərilməsini xahiş edir. O, bildirir ki, bu vəziyyət belə davam edərsə, ailənin maddi gücü tükənəcək və uşağın həyatı real təhlükə altına düşəcək.

Chosen
33
nocomment.az

1Sources