EN

Tahir Məmmədli: Bakıda zəlzələlərin olması üçün heç bir geoloji mühit yoxdur

Bakı, 11 dekabr, Göyçək Mahmudlu, AZƏRTAC

Abşeron yarımadasında və Bakıda zəlzələlərin olması üçün heç bir geoloji mühit yoxdur. Yalnız Xəzər dənizində, şimal rayonlarında qeydə alınan yeraltı təkanlar Bakıda və Abşeron yarımadasında hiss oluna bilər.

Bunu AZƏRTAC-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Tahir Məmmədli deyib.

O, 25 il əvvəl – 2020-ci il noyabrın 25-də baş verən zəlzələni xatırladaraq deyib: “Həmin zəlzələ Abşeron yarımadasından 50-60 kilometr cənubda Xəzər dənizində qeydə alınmışdı. Bir dəqiqə yarım ərzində maqnitudası 6.2 və 5.8-ə bərabər olan iki yeraltı təkan baş vermişdi. Zəlzələnin ocağı 33-35 kilometr dərinlikdə yerləşirdi. Həmin yeraltı təkanlar MSK şkalası ilə Bakıda 6, sahil zonalarda 7 bal intensivlikdə hiss olunmuşdu. Sahil zonalarda intensivliyin çox olması sulu qruntun yeraltı təkanlara həssaslığı ilə əlaqədardır. Həmin zəlzələni, həmçinin Abşerondan şimaldakı rayonların sakinləri də hiss etmişdilər. Maraqlısı odur ki, zəlzələnin episentri cənubda olsa da, Abşeron yarımadasından cənubda daha az, şimalda isə daha çox hiss olundu. Zəlzələnin afterşokları bir aya yaxın davam etdi. İlk gün hətta 90 afterşok qeydə alındı. Belə maqnitudalı zəlzələlər 1961-ci və 1963-cü illərdə də Abşerondan şimalda, Xəzərdə qeydə alınmışdı. Ötən əsrdə stansiyaların sayı az olduğuna görə zəlzələlər barədə dolğun və dəqiq məlumatlar əldə etmək çətin idi. Lakin 2000-ci ildə baş verən həmin zəlzələdən sonra Ulu Öndər Heydər Əliyevin göstərişi ilə 14 dəst telemetrik stansiya alınaraq quraşdırıldı. Prezident İlham Əliyevin tapşırığı ilə isə onların sayı daha da artırıldı və ölkə ərazisini tam əhatə edən daha müasir stansiyaların quraşdırılması həyata keçirildi”.

Chosen
45
2
azertag.az

3Sources