EN

Rusiya və Çin bir ildə Avropaya və ABŞ-a milyard avroluq kələk gəldilər...


Avropa sanksiyalarına məruz qalan rusiyalı investorlar Avropa İttifaqına və qurumun ayrı-ayrı Aİ ölkələrinə qarşı ən azı 53 milyard avro məbləğində iddia qaldırıblar. “Le Soir” qəzetinin məlumatına görə, rusiyalı iş adamları tərəfindən başlanan 28 iş hazırda Avropa məhkəmələrində baxılır ki, bunlardan 24-ü ISDS (investor-dövlət mübahisələrinin həlli) proseduru çərçivəsindədir.

ISDS, iddiaçılar aktivlərinin qanunsuz olaraq müsadirə edildiyinə inandıqları təqdirdə investorlara milli və Avropa yurisdiksiyalarından kənar dövlətləri məhkəməyə verməyə imkan verir. “Le Soir” yazır ki, artıq tələb olunan 53 milyard avro Rusiya Bankının Aİ-də dondurulmuş bütün suveren aktivlərinin dörddə birini (210 milyard avro) üstələyir.Ukraynada müharibə başlayandan bəri Rusiyanın təxminən 260 milyard avro dəyərində aktivləri Qərb ölkələrində dondurulub ki, bunun da təxminən 193 milyardı Belçikadakı “Euroclear” hesablarında saxlanılır. 2025-ci ilin sentyabrında Avropa Komissiyasının sədri Ursula von der Leyen Kiyevə bu vəsaitlə təmin olunmuş 140 milyard avroya qədər “təzminat krediti”nin verilməsini təklif edib. “Euroclear”in baş direktoru Valeri Urbain bildirib ki, Avropa Komissiyasının Ukraynaya yardım məqsədilə dondurulmuş Rusiya aktivlərini zorla ələ keçirmək planı real deyil və depozitar Moskvanın cavab tədbirləri görəcəyi təqdirdə özünü mümkün iflasdan qorumaq üçün məhkəməyə müraciət etməyə hazırdır. Bu şəraitdə Rusiyanın daha bir maraqlı addımı Qərb sanksiyalarından yan keçilməsidir. belə ki, sanksiyalara baxmayaraq, rus ağac məhsulları Avropa İttifaqına daxil olmağa davam edir. Prosesdə ruslara Çin kömək edir. Yalnız bir il ərzində Rusiya Çin vasitəsilə Avropaya 1 milyard avro dəyərində taxta tədarük edib. Qərb mətbuatının yazdığına görə, Rusiya xammalı Çinə gətirilir, burada o, yenidən etiketlənir və Avropaya göndərilir. Rusiya taxtasının ixracı üçün Çin sxemlərinin əsas benefisiarı Rusiyanın ən böyük taxta holdinqi olan “Sveza”ya nəzarət edən milyarder Aleksey Mordaşovdur. Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzü başlayandan sonra, o, Rusiyanın bütün taxta sənayesinin təmsilçiləri kimi, sanksiyalara görə Avropa bazarına çıxışını itirdi. Lakin Çin sxemlərinin effektivliyi vəziyyəti dəyişir. Çindən Polşa, İspaniya və Portuqaliyaya ağac ixracının kəskin artması da bununla bağlıdır. Polşa ağac emalı sənayesinin nümayəndələri artıq bunun nəticələri barədə xəbərdarlıq edirlər.

Avropanın ən böyük kontrplak istehsalçılarından biri olan “Paged” şirkətinin baş direktoru Marek Janke deyir: “Bu qeyri-qanuni ağac daşımaları Avropa meşə sənayesinin mövcudluğunu təhdid edir”. Mütəxəssislər vurğulayırlar ki, Çin Aİ-yə ağcaqayın kontrplakının aparıcı ixracatçısına çevrilib , baxmayaraq ki, xammal Rusiyadan gəlirr. Vasitəçi şirkətlər arasında Çinin Ninbo şəhərində yerləşən Almaniya-İsveçrə firmasının “Hape International”ın Çindəki törəmə şirkəti müəyyən edilib. Son iki il ərzində bu şirkət vasitəsilə Çinə bir neçə min ton Rusiya taxtası gətirilib, sonra isə beynəlxalq bazara çıxarılıb. Satıcılar tədarükçülər haqqında məlumat verərək xammalın Rusiya mənşəli olduğunu təsdiqləyiblər. Avropa Parlamentinin üzvləri sanksiyalardan yayınma probleminin sistemli olduğunu etiraf edirlər. Avropa Xalq Partiyasının nümayəndəsi İzabelle Vizler-Lima bəyan edib ki, sanksiyalar effektiv şəkildə tətbiq edilməlidir. Avropa Parlamentinin Yaşıllar Partiyasından olan Sven Giegold da sanksiyaların daha yaxşı həyata keçirilməsinə çağırır. Bununla belə, o qeyd edir ki, istənilən dəyişiklik yalnız Avropa ittifaqında yekdilliklə qəbul edilə bilər: “Bu hal məsələn, sanksiyalardan yayınaraq yaxalanmış şirkətlərə və ya şəxslərə qarşı məqsədyönlü tədbirlər görməyi çətinləşdirir”. Amma Polşa nümunəsi əks tədbirlərin effektiv ola biləcəyini göstərir. Gömrük işçiləri üçün məqsədyönlü təlimlər nəticəsini verir. “Paged” əməkdaşları tərəfindən Rusiya daşımaları isə sərhəddə müəyyən edilib və dayandırılıb. O vaxtdan bəri Çindən qeyri-qanuni idxal kəskin şəkildə azalıb. Avropa Panel Federasiyasının idarə heyətinin üzvü Yaroslav Miçniuk bildirir: “Bu uğurlu model bütün Avropada təkrarlanmalıdır. Yalnız birgə monitorinq və ardıcıl icraat yolu ilə qanunsuz Rusiya biznesinin qarşısı alına bilər”. Lakin Aİ-yə idxal açıq şəkildə davam edir. Çinin Polşaya tədarükünün azalması ilə İspaniya və Portuqaliya vasitəsilə idxalın həcmi müharibənin başlanğıcından bəri çoxalıb. Aİ Parlament üzvü Viseler-Lima Rusiyanın faydalandığı bir çox Aİ dövlətlərində nəzarətin olmamasından qəzəblənib: “Rusiyaya pul verməyə davam etməyimiz mümkün deyil. Bütün bu pullar orduya və Ukraynadakı müharibəyə axır”. Bu arada “Financial Times” adı açıqlanmayan avropalı rəsmilərə istinadən xəbər verir ki, Avropa İttifaqı ölkələri Rusiyanın 210 milyard avro dəyərində olan Aİ-dəki dövlət aktivlərinin daimi dondurulması qərarını sürətləndirmək və Macarıstanın buna veto qoymasının qarşısını almaq niyyətindədir. Vəsaitlər qanuni olaraq müsadirə olunmasa da, Rusiya onları yalnız Ukraynaya təzminat ödədikdən sonra qaytara bilər. Kiyev bundan sonra Moskvanın ödədiyi təzminatları Aİ-dən aldığı krediti ödəmək üçün istifadə edəcək. Lakin bu planı həyata keçirmək üçün Rusiyanın Aİ daxilində aktivləri qeyri-müəyyən müddətə dondurulmalıdır. Hazırda sanksiyaların uzadılması ilə bağlı qərar altı aydan bir Aİ-yə üzv olan 27 ölkənin hamısı tərəfindən təsdiqlənməlidir.

Nahid SALAYEV

Chosen
19
baki-xeber.com

1Sources