EN

“Turizmin iqtisadi təsiri güclü olsa da, sosial faydaları davamlıdır” - MÜNASİBƏT BİLDİRİLDİ

"Turizmin inkişafı ölkəyə həm iqtisadi, həm də sosial baxımdan ciddi töhfələr verir, lakin bu töhfələrin nisbəti ölkənin mövcud inkişaf səviyyəsi, infrastruktur imkanları, dövlət siyasəti və turizm strategiyasından asılı olaraq dəyişə bilər. Ümumiyyətlə, qlobal təcrübə göstərir ki, turizm ilk mərhələdə ölkəyə daha çox iqtisadi fayda gətirir və bu faydalar sosial təsirlərin formalaşması üçün baza rolunu oynayır". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Əziz Şiriyev deyib.

Onun sözlərinə görə, iqtisadi müstəvidə turizmin rolu çoxşaxəlidir: ölkəyə daxil olan turistlər birbaşa xərcləri ilə otellərdən tutmuş restoranlara, nəqliyyatdan xidmət sektoruna qədər geniş sahələrin gəlirlərini artırır: "Bu proses qeyri-neft sektorunun inkişafını sürətləndirir, idxaldan asılılığı azaldır, regionlarda yeni iş yerlərinin yaranmasına səbəb olur və ümumi olaraq yerli sahibkarlığın dirçəlməsinə təkan verir. Turizmin yaratdığı çoxlayihəli iqtisadi zəncir həm büdcə gəlirlərini artırır, həm də kiçik və orta biznesin genişlənməsinə imkan yaradır.

Sosial baxımdan turizm insanların dünyagörüşünün genişlənməsi, mədəniyyətlərarası əlaqələrin artması və tolerantlığın güclənməsi kimi müsbət təsirlər yaradır. Bundan əlavə, turizm regionlarda infrastrukturun yaxşılaşmasına, yol-nəqliyyat şəbəkəsinin yenilənməsinə, ictimai xidmətlərin yüksəlməsinə və yaşayış standartlarının ümumi yaxşılaşmasına səbəb olur. Regionların sosial inkişafı çox vaxt məhz turizmin aktivləşməsi ilə sürətlənir. Bununla belə, turizmin sosial faydalarının davamlı olması üçün iqtisadi baza sabit olmalıdır. Başqa sözlə, turizm iqtisadi cəhətdən güclü təsir göstərmədən genişmiqyaslı sosial dəyişikliklər yaratmaq mümkün deyil. Buna görə də ekspert baxımından turizmin ilk növbədə iqtisadi təsirinin daha güclü olduğu, lakin uzunmüddətli perspektivdə iqtisadi faydaların sosial inkişafı da qaçılmaz şəkildə dəstəklədiyi qənaətinə gəlmək olar".

Müəllif: Ziya Hikmətoğlu
Chosen
12
sia.az

1Sources