EN

Beyləqanda Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib - FOTOLAR

12 dekabr – Azərbaycan xalqının Ümummilli Lideri, dövlətçilik tariximizin müdrik memarı, böyük siyasətçi Heydər Əliyevin anım günü münasibətilə Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə anım tədbiri keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin, idarə və müəssisə rəhbərlərinin və kollektivinin, şəhid ailəsi, qazi, hərbçilərin, gənclərin iştirakı ilə Ulu Öndərin abidəsi ziyarət olunub, abidə önünə tər çiçəklər düzülüb, onun əziz və unudulmaz xatirəsinə ehtiram ifadə olunub.

Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Anım mərasimində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin xilası və möhkəmlənməsi yolunda göstərdiyi tarixi xidmətlərdən bəhs edib. O vurğulayıb ki, Ümummilli Liderin müdrik siyasəti bu gün müasir Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir, ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin təməlində Heydər Əliyev ideyaları dayanır.
Əziz Əzizov Ulu Öndərin xalqına bağlılığının, dövlətinə sevgisinin, milli maraqlara sadiqliyinin bu gün də hər bir Azərbaycan vətəndaşına örnək olduğunu qeyd edərək dahi şəxsiyyətin xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağını bildirib.

Tədbirdə çıxış edən Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, rayonun ağsaqqalı və ziyalısı İfrat Məhərrəmli və digər natiqlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində müstəsna rolundan, onun müstəqil dövlətimizin qurulmasında və gələcəyə aparılmasında əvəzolunmaz xidmətlərindən danışıblar. Bildirilib ki, Heydər Əliyevin dövlətçilik irsi bu gün də yol göstərən ideoloji dayaq kimi yaşayır və xalqımızı daha böyük hədəflərə aparır.

Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi Röya Nəsirli çıxışı ilə yadda qalıb.

Mərasimdən sonra ehsan süfrəsi təşkil olunub, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar oxunub.

Chosen
130
50
unikal.az

10Sources