Qazaxda Ulu Öndər Heydər Əliyevin Anım Günü qeyd olunub
Qazax rayonunda Ulu Öndər Heydər Əliyevin Anım Günü münasibətilə tədbir keçirilib. Mərasim iştirakçıları əvvəlcə Ümummilli Liderin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar. Daha sonra Heydər Əliyev Mərkəzində dahi liderin həyat və fəaliyyətini əks etdirən eksponasiyalara baxış olub.
Tədbirdə Dövlət Himni səsləndirilib, Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qazax bölgə qazısı İlham Süleymanov Ulu Öndərin və Vətən uğrunda canından keçənlərin ruhuna dualar oxuyub.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxışında Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində müstəsna rolunu vurğulayıb, ölkəmizin bu gün əldə etdiyi uğurların Ulu Öndərin ideyalarına söykəndiyini bildirib. Natiqlər – YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, ehtiyatda olan kapitan Samir Çobanov və şair Cavanşir Rüstəm də Heydər Əliyevin dövlət quruculuğundakı tarixi xidmətlərini xatırladıblar.
Sonda qeyd olunub ki, Ulu Öndərin ideyaları bu gün də Azərbaycanın inkişaf yolunu işıqlandırır və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.