EN

Azərbaycan enerji sahəsində innovasiyaların mərkəzi kimi - beynəlxalq şirkətlər qabaqcıl texnologiyalara sərmaye qoyur

Müəllif: Aytac Şirəliyeva

Mənbə: Trend

Azərbaycan uzun illərdir ki, dünya enerji xəritəsində əsas oyunçulardan biri kimi mövqeyini möhkəmləndirib. Ölkə zəngin neft və qaz yataqlarını əlverişli geosiyasi mövqe ilə birləşdirərək beynəlxalq şirkətlər üçün xüsusilə cəlbedici tərəfdaş rolunu oynayır. Bu gün Azərbaycan təkcə hasilat ölkəsi deyil, həm də neft-qaz sahəsində innovasiyaların tətbiqi, təcrübə mübadiləsi və qabaqcıl texnologiyaların inkişafı üçün mühüm meydançadır.

Şirkətlər ölkəyə fəal şəkildə sərmayə yatırır və burada uzunmüddətli fəaliyyətlərini genişləndirməyi planlaşdırırlar. Buna nümunə kimi ölkədə artıq 33 ildir fəaliyyət göstərən "bp Azerbaijan" şirkətini göstərmək olar. bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bə xtiyar Aslanbəyli Bakıda keçirilən III Sənaye Təhlükəsizliyi Sammitində çıxışı zamanı hasilatın miqyası və şirkətin enerji sektoruna töhfələri barədə danışıb.

"Bu illər ərzində Xəzər dənizindəki yataqlardan 4,5 milyard barrel neft, 257 milyard kubmetr qaz, eləcə də Azəri-Çıraq-Günəşli (AÇG) yatağından 60 milyard kubmetr qaz hasil edilərək dövlətə təhvil verilib. AÇG-də hasil olunan qaz Xəzər dənizində ümumi qaz hasilatının təxminən 25 faizini təşkil edir. Bu isə həmin yataqların miqyasını və potensialını göstərir", - deyə B. Aslanbəyli bildirib.

O həmçinin vurğulayıb ki, şirkətin fəaliyyətində əsas prioritetlərdən biri istehsalat proseslərinin təhlükəsizliyinin təmin edilməsi və beynəlxalq standartlara riayət olunmasıdır ki, bu da qəzaların yaranma riskini minimuma endirməyə imkan verir.

"Azərbaycandakı fəaliyyətimiz çərçivəsində biz təhlükəsizlik və inkişaf sahəsində yerli və beynəlxalq tərəfdaşlarımızla birgə çalışaraq ən yüksək qlobal standartların tətbiqini təmin etmişik", - deyə o əlavə edib.

Bu fikirlər şirkətin ölkənin enerji sektorunun davamlı inkişafına strateji yanaşmasını əks etdirir və göstərir ki, bp regionda infrastrukturun təhlükəsizliyi və etibarlılığını əsas istiqamətlərdən biri kimi prioritet tutmağa davam edir.

Bu nailiyyətlər onu göstərir ki, Azərbaycan enerji resurslarının hasilatında lider mövqeyini qorumaqla yanaşı, neft-qaz sənayesində qabaqcıl texnologiyaların tətbiqi və təcrübə mübadiləsinin mərkəzinə çevrilməkdədir.

Belə ki, Bakı neft-qaz infrastrukturunda innovasiyaların müzakirə olunduğu "Asset Integrity & Corrosion and Coatings Conference" adlı beynəlxalq konfrans üçün meydançaya çevrilib. Tədbir 20-dən çox ölkədən 500-dən çox nümayəndəni, 50 spikeri və 25-dən artıq texnoloji şirkəti bir araya gətirib. Konfrans mövcud infrastrukturun istismar müddətinin uzadılması üçün təcrübə mübadiləsi, qabaqcıl texnologiyaların müzakirəsi və həll yollarının axtarışı üçün platforma rolunu oynayıb.

Konfrans çərçivəsində innovasiyalar və texnologiyalar mövzusunda müzakirələri davam etdirən "BP Exploration Caspian Sea Ltd AGT" (Azərbaycan-Gürcüstan-Türkiyə) boru kəməri şəbəkəsinin modernləşdirilməsi üzrə praktik nəticələrini təqdim edib. Layihə çərçivəsində bərpa olunan enerji ilə işləyən ICCP sistemləri, eləcə də dəyişən və sabit cərəyanın təsirinin azaldılmasına yönəlmiş kompleks tədbirlər tətbiq edilib.

Bu həllər korroziyanı minimuma endirməyə və obyektlərin istismar səmərəliliyini artırmağa imkan verir, müasir texnologiyaların neft-qaz infrastrukturunda tətbiqinin real üstünlüklərini nümayiş etdirir.

Konfransda həmçinin bildirilib ki, beynəlxalq və ABŞ şirkətləri Azərbaycana artan maraq göstərirlər. Onlar ölkəni neft-qaz sektorunda qabaqcıl texnologiyaların və xidmət həllərinin tətbiqi üçün münasib platforma kimi görürlər.

Avadanlığın texniki vəziyyətinin qiymətləndirilməsinə əsaslanan xidmətlər üzrə ixtisaslaşmış Amerika şirkəti IRISS avadanlıqların vəziyyətinin monitorinqi və əməliyyat risklərinin azaldılması üzrə xidmətlərini inkişaf etdirmək imkanını cəlbedici hesab edir. Azərbaycanda yerli mütəxəssislərin cəlb olunması ilə ofis açmaq planları şirkətin regiona olan strateji marağını göstərir: burada innovativ texnologiyaların tətbiqinə hazır bir bazar və uzunmüddətli layihələri dəstəkləmək üçün zəruri kadr potensialı mövcuddur.

Neft-qaz sənayesində boru kəmərlərinin texniki xidməti, təmiri və izolyasiyası üzrə xidmət və texnologiyalara ixtisaslaşan beynəlxalq mühəndislik şirkəti "Stats Group" isə xüsusilə bp və SOCAR-ın fəaliyyətini dəstəkləmək üçün boru kəməri infrastrukturunun təmiri, texniki xidməti və izolyasiyası sahəsində böyük potensial görür. Şirkətin iri layihələr üçün alət və avadanlıq təchizatına fokuslanması, onun Azərbaycanda texniki xidmət üzrə əsas tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Ölkə xidmət ekosisteminin inkişafı və proseslərin optimallaşdırılması üçün geniş imkanlar təklif edir ki, bu da uzunmüddətli investisiyalar baxımından onu cəlbedici edir.

"SOCAR Midstream Gas Operations" və TANAP müasir texnologiyaların tətbiqinin real effektini nümayiş etdirir: daşıma həcmlərinin 10-15 faiz artması və infrastrukturun etibarlılığının 70 faizdən çox yüksəlməsi. Bu göstəricilər Azərbaycanın innovasiyalara açıq olduğunu və qabaqcıl nəzarət və monitorinq metodlarından istifadə etməyə hazır olduğunu göstərir ki, bu da genişmiqyaslı layihələrin gerçəkləşdirilməsinə maraq göstərən beynəlxalq şirkətləri cəlb edir.

Avadanlıqların korroziyadan qorunması üzrə ixtisaslaşan Amerika şirkəti "Zerust Integrity Solutions" Heydər Əliyev adına Neft Emalı Zavodu və Səngəçal terminalı daxil olmaqla əsas obyektlərdə avadanlığın istismar müddətini 10 ilə qədər uzatmaq imkanına maraq göstərir. SOCAR və zavodun törəmə müəssisələri ilə strateji tərəfdaşlıq şirkətə texnologiyaların tətbiq sahəsini genişləndirmək və bazarda uzunmüddətli iştirakını möhkəmləndirmək üçün perspektivlər açır.

Energetika sahəsində ixtisaslaşan beynəlxalq konsaltinq şirkəti "Velosi Asset Integrity" Azərbaycan şirkətləri ilə konsaltinq əməkdaşlığı imkanlarını araşdırır. Konfranslarda iştirak və yerli bazarın təhlili infrastrukturun idarə olunması və obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində beynəlxalq standartların tətbiqi üçün potensialı müəyyənləşdirməyə imkan verir.

Sənayedə texniki nəzarət, audit, sertifikatlaşdırma və konsaltinq xidmətləri üzrə ixtisaslaşmış "TUV Rheinland" ilə tərəfdaşlıq çərçivəsində ENCOTEC mövcud obyektlərin minimal xərc və yüksək təhlükəsizlik səviyyəsi ilə işlək vəziyyətdə saxlanmasına fokuslanır. Azərbaycan şirkət üçün beynəlxalq layihələrdə sınaqdan keçirilmiş mühəndislik həllərinin tətbiqinə hazır bir bazar kimi maraqlıdır. Bu isə texnologiyaların yerli şəraitə uyğunlaşdırılmasına, infrastrukturun etibarlılıq və davamlılığının artırılmasına imkan yaradır.

Ümumilikdə beynəlxalq şirkətlərin Azərbaycana artan marağı bir neçə amillərin məcmusu ilə izah olunur: ölkənin strateji mövqeyi, sektorun modernləşməyə və innovasiyaların tətbiqinə hazırlığı, uzunmüddətli fəaliyyət və insan kapitalının inkişafı üçün potensial, eləcə də beynəlxalq təcrübənin yerli şərtlərə uyğunlaşdırılması imkanı. Azərbaycan bu gün regional platformaya çevrilir və burada beynəlxalq iştirakçılar həm investisiya, həm də qabaqcıl texnologiyaların tətbiqi üçün real perspektivlər görürlər ki, bu da ölkənin energetika sektorunun dayanıqlığını və effektivliyini artırır.

Azərbaycan xüsusilə Qarabağ regionunda əhəmiyyətli geotermal potensiala malikdir və müasir texnologiyaların tətbiqi onun daha səmərəli inkişafına şərait yaradır. Boru kəmərlərində xüsusi termoizolyasiya örtüklərindən istifadə dərin və yüksək temperaturlu quyularda tövsiyə olunur və geotermal obyektlərin qazma məhsuldarlığının artırılmasına xidmət edir.

Azərbaycan beynəlxalq şirkətlərin diqqətini yüksək potensiala malik və innovativ texnologiyaların tətbiqi üçün geniş imkanlar yaradan enerji sektoru ilə cəlb edir. Regionda fəaliyyət göstərən şirkətlər infrastrukturun modernləşdirilməsinə sərmayə yatırır, mövcudluqlarını genişləndirir və obyektlərin istismarı və mühafizəsi üzrə müasir metodları tətbiq edirlər. Onların marağı boru kəmərlərinin etibarlılıq və təhlükəsizliyinin artırılması, xidmət proseslərinin optimallaşdırılması, antikorroziya və mühəndislik həllərinin tətbiqi, eləcə də geotermal layihələrin inkişafına yönəlib. Bu yanaşma təbii ehtiyatlardan səmərəli istifadə etməyə, şirkətlərin regiondakı uzunmüddətli strateji mövqelərini möhkəmləndirməyə və Azərbaycanın dayanıqlı inkişafı və texnoloji liderliyi üçün şərait yaratmağa imkan verir.

Chosen
14
2
day.az

3Sources