Rusiyanın müdafiə naziri Andrey Belousov NATO-nun mümkün hərbi qarşıdurmaya hazırlaşdığını iddia edib. Onun sözlərinə görə, alyans 2030-cu illərin əvvəlində Rusiya ilə toqquşma ssenarisini nəzərdən keçirir və NATO ölkələrinin, eləcə də Avropanın mövcud siyasəti Ukraynada döyüş əməliyyatlarının 2026-cı ildə də davam etməsi üçün zəmin yaradır.
KONKRET.az xəbər verir ki, Belousov bu fikirləri Rusiya Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclasında səsləndirib. O, bildirib ki, Şimali Atlantika Alyansı koalisiya qüvvələrini ardıcıl şəkildə artırır və bir sıra istiqamətlərdə fəal hazırlıq işləri aparır.
Nazirin sözlərinə görə, NATO çərçivəsində orta mənzilli raketlərin yerləşdirilməsinə hazırlıq gedir, nüvə döyüş sursatlarının nomenklaturası yenilənib, hava hücumundan müdafiə və raketdən müdafiə sistemləri modernləşdirilir. Eyni zamanda, səfərbərlik üzrə yerləşdirmə sistemi dəyişdirilir və alyans qüvvələrinin şərq cinahına operativ şəkildə köçürülməsi sürətləndirilir. Bu məqsədlə “hərbi Şengen” adlandırılan mexanizmin tətbiqi də planlaşdırılır.
Andrey Belousov vurğulayıb ki, aparılan təhlillər son üç il ərzində hərbi-siyasi vəziyyətin əhəmiyyətli dərəcədə dəyişdiyini və Rusiyanın hərbi təhlükəsizliyinə yönələn təhdidlərin artdığını göstərir.
Müşviq Tofiqoğlu
KONKRET.az