EN

"İlham Əliyevin yürütdüyü siyasətdə humanizm prinsipi həmişə başlıca yer tutur" - Musa Qasımlı

"Ölkəmiz müstəqillik tarixinin ən böyük amnistiya aktının gerçəkləşdirilməsi ərəfəsindədir".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin yürütdüyü siyasətdə humanizm prinsipi həmişə başlıca yer tutur:

"Fəaliyyətində daim sosial ədaləti əsas götürən, mərhəmətli olan, insanları sevinc bəxş edən dövlət başçımız “Konstitusiya və Suverenlik İli” münasibətilə dekabrın 15-də amnistiya təşəbbüsü ilə çıxış etdi. Layihəyə əsasən ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüşlərdə, 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində iştirak etmiş şəxslərin, həmin əməliyyatlarda həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarının, təcavüzkar Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslərin cəzadan azad edilməsi və ya cəzalarının çəkilməmiş hissəsinin azaldılması mərhəmət hissini bir daha göstərir".

Vitse-spiker qeyd edib ki, amnistiya aktı 20 mindən çox şəxsə şamil edilsə də, on minlərlə insan – boynunu büküb qapıda valideyn gözləyən uşaqlar, ailə başçısını gözləyən qadınlar, oğul və qızlarının azadlığa çıxmasını gözləyən valideynlər, onların qohum-əqrəbaları, yaxınları sevinəcəkdir.

"İnsanların təkcə gözləri deyil, ürəkləri də güləcəkdir.

Dövlətimizin qanunları da xarakterinə görə ədalətli və humanistdir. Amnistiya aktı heç şübhəsiz, böyük tərbiyəvi əhəmiyyət daşıyır", - deyə Musa Qasımlı vurğulayıb.

T.İSMAYIL

Chosen
58
1
redaktor.az

2Sources