EN

Qərb mediası: Dondurulmuş Rusiya aktivləri Aİ-ni iki düşərgəyə bölüb

Avropa İttifaqında dondurulmuş Rusiya aktivlərinin taleyi ilə bağlı fikir ayrılıqları dərinləşir. Brüsseldə keçiriləcək Aİ Zirvə toplantısı ərəfəsində bu məsələ Avropa liderləri arasında ciddi qarşıdurmaya səbəb olub.

Editor.az Politico nəşrinə istinadla xəbər verir ki, dondurulmuş Rusiya aktivlərinin müsadirə edilərək Ukraynanın maliyyələşdirilməsinə yönəldilməsi ideyası Aİ daxilində ölkələri iki düşərgəyə bölüb.

Nəşrin yazdığına görə, çərşənbə axşamı axşam saatlarında Avropa liderləri ən azı ictimai müstəvidə barışmaz mövqelər nümayiş etdiriblər. Bildirilib ki, xüsusilə Kiyevin maliyyələşdirilməsi məsələsində ortaq mövqenin tapılması çətin görünür. Bu vəziyyət Aİ daxilində daha əvvəl şimal və cənub ölkələri arasında ortaq borclanma mövzusunda yaşanan kəskin fikir ayrılıqlarının yenidən gündəmə gəlməsi ilə əlaqələndirilir.

Məqalədə qeyd olunub ki, avropalı diplomatlar Ukraynaya maliyyə yardımına dair razılaşmanı xilas etmək üçün 11 saat ərzində intensiv danışıqlar aparıblar. Bununla belə, çıxılmaz vəziyyətdən mümkün çıxış yollarının yalnız uzun sürən danışıqlardan sonra müəyyən edilə biləcəyi vurğulanıb.

Politico daha əvvəl yazmışdı ki, Avropa Şurasının 18–19 dekabr tarixlərində keçiriləcək sammitində dondurulmuş Rusiya aktivlərinin Ukraynanın maliyyələşdirilməsi üçün istifadəsi ilə bağlı qərar Belçikanın mövqeyi nəzərə alınmadan qəbul edilə bilər. Həmin xəbərdə Aİ üzvü ölkələrin nümayəndələrinin bazar ertəsi günü Brüsseli bu təşəbbüsə razı sala bilmədiyi də qeyd olunub.

Bu ideyanı “oğurluq” kimi qiymətləndirən Belçikanın Baş naziri Bart De Vefer məsələni məhkəməyə çıxarma ehtimalını istisna etməyib.

Macarıstanın Baş naziri Viktor Orban isə bildirib ki, Avropa Komissiyası Rusiyaya məxsus suveren aktivlərin müsadirəsi məsələsini 18–19 dekabr tarixli Avropa Şurası Zirvəsinin gündəmindən çıxarıb. Onun sözlərinə görə, bunun əvəzinə Ukrayna üçün Aİ ölkələrinin birgə kredit götürməsi təklif edilib, lakin Budapeşt bu formulun əleyhinədir.

//Gülnarə Abasova, Editor.az

Chosen
88
44
editor.az

10Sources