Olaylar.az xəbər verir ki, bu barədə "İravunk" qəzeti yazır.
Mənbənin sözlərinə görə, hakimiyyət Eçmiədzinə nə qədər insan cəlb oluna biləcəyini, Katolikosu müdafiə etmək üçün neçə nəfərin toplaşacağını, eləcə də Katolikosun real imkanlarını müəyyənləşdirməyə çalışıb. Bildirilir ki, onlar Paşinyanın bu cür aksiyada birbaşa iştirak edəcəyi təqdirdə prosesin yalnız öz qələbələri ilə başa çatmalı olduğunu anlayırlar.
Qeyd olunur ki, eksperiment üçün nüfuzunu tam itirmiş sabiq din xadimləri önə çıxarılıb. Halbuki çağırışın arxasında onların deyil, birbaşa baş nazir Nikol Paşinyanın dayandığı hər kəsə bəlli idi.
Mənbə əlavə edib ki, dünənki əməliyyat Paşinyanda nikbinlik yaratmayıb. Əksinə, əsas mərhələdə uğursuzluq və ya ciddi rezonans ehtimalı kifayət qədər yüksək qiymətləndirilir. Digər tərəfdən, vəziyyət getdikcə daha da gərginləşir.
Onun sözlərinə görə, Yeni ildən sonra seçkiöncəsi mərhələ başlayacaq və bu dövrdə belə addımlar daha təhlükəli olacaq: "Bir səhv seçkilərə ciddi təsir göstərə bilər və vəziyyəti düzəltmək üçün vaxt qalmaya bilər".
Mənbə bildirib ki, əgər yanvarın ortalarınadək Katolikosun istefasına nail olunmasa, hakimiyyət bu ideyadan tamamilə imtina edə bilər.