EN

Bakının qərarı İrəvanı sülhə gətirəcək

Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq, dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanıb. 

Noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən SOCAR tərəfindən istehsal edilmiş Aİ-95 markalı 22 vaqon benzin dekabrın 18-də yola salınıb və artıq ünvana çatıb.

Qeyd edək ki, Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılacaq. Dekabrın 8-də Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, dekabrın 5-də Tbilisi tərəfdaşlarından Gürcüstan ərazisindən keçməklə Azərbaycandan Ermənistana birdəfəlik yanacaq tranzitinin reallaşdırılması üçün müraciət alıb: 

“Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin qərarı ilə Gürcüstan Dəmir Yollarına göstəriş verilib ki, dərhal birdəfəlik əsasda yüklərin dəmiryolu ilə tamamilə pulsuz daşınması həyata keçirilsin”. 

Bununla da Azərbaycanla Ermənistan arasında münaqişə başlandıqdan sonra dayanmış birbaşa ticarət əlaqələri yenidən bərpa olunacaq. Eyni zamanda, digər ölkələrin də öz məhsullarını Azərbaycan üzərindən Ermənistana tranzitinin davamı gözlənilir. Bu istiqamətdə ilk addımı atan dövlət Qazaxıstan olub. 

Qazaxıstan taxılı Azərbaycandan və Gürcüstandan keçməklə dəmir yolu ilə iki dəfə Ermənistana daşınıb. İrəvan və Astana arasında əldə edilmiş razılaşmaya uyğun olaraq, yaxın vaxtlarda Qazaxıstandan göndərilən ərzaq buğdasının Azərbaycan vasitəsilə Ermənistana yola salınacağı gözlənilir. 

Müharibə zamanı Azərbaycanla Ermənistan arasında dəmir yolu və digər kommunikasiyaların infrastrukturu dağıldığına görə hələlik yüklər Gürcüstan vasitəsilə ötürülür. Tərəflər arasında kommunikasiyaların blokdan açılmasından sonra mal və məhsulların birbaşa Azərbaycan ərazisindən birbaşa Ermənistan nəqli mümkün olacaq. 

Azərbaycan perspektivdə neft məhsullarını Zəngəzur dəhlizi ilə, yəni Horadiz-Mehri-Arazdəyən-Ordubad dəmir yolundan istifadə etməklə Ermənistana daha tez müddətdə və tranzithaqqı ödəmədən tədarük edə bilər. Bundan başqa, ticarət əlaqələri Azərbaycanla Ermənistan arasında SSRİ dövründə mövcud olmuş Bakı-İcevan dəmir yolu xəttinin bərpasını zəruri edir. Sözügedən dəmir yolu Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən dağıdılıb. 

Dəmir yolunun keçdiyi Qazax rayonunun Barxudarlı və Sofulu kəndləri isə işğal edilib. Ona görə də Azərbaycan və Ermənistan arasında daşımaların bərpası hələ də işğal altında qalan anklav kəndlərin azad edilməsini, sərhədlərin delimitasiyası və demarkasiyası prosesini sürətləndirə bilər. Hazırda Ermənistan neft məhsullarına olan tələbatını əsasən Rusiya, İran və digər ölkələrin hesabına təmin edir. 

Lakin Ermənistanın enerji bazarında əsas dominantlıq Rusiyaya məxsusdur. 2024-cü ilin statistikasına görə, Ermənistan benzin və dizel yanacağının 61,2 faizi Rusiyadan idxal edib. Yəni ötən il Rusiya Ermənistana 230 min ton benzin, 175 min ton dizel yanacağı ixrac edib. Tələbatın digər hissəsini isə İran, Rumıniya, Malta, Türkiyə kimi ölkələrin hesabına ödəyib. 

Neft alqı-satqısı sahəsində əməkdaşlığın baş tutması Ermənistanın növbəti illərdə Azərbaycandan təbii qaz idxal etməsi üçün də zəmin yaradır. Ermənistanın “mavi yanacaq” bazarında da Rusiyanın “Qazprom” şirkətinin törəmə müəssisəsi olan “Qazprom Armenia” QSC əsas mövqeyə sahibdir. 

2024-cü ildə Ermənistan 2 milyard 367 milyon 900 min ton təbii qaz idxal edib ki, bu da daha çox Rusiyanın hesabına ödənilib. Bu isə Rusiyanın Ermənistanı iqtisadi və siyasi cəhətdən özündən asılı saxlamasında mühüm rol oynayır. Moskva xüsusilə Nikol Paşinyan hakimiyyətinin Qərbyönümlü siyasətinin qarşısını almaq üçün Ermənistanı enerji qiymətlərinin artırılması ilə hədələyir.

 Moskva 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərində Baş nazir Nikol Paşinyanın müxalifətdən olan rəqibi, rusiyalı milyarder və “Qazprom” şirkətinin infrastruktur layihələrini həyata keçirən Samvel Karapetyanı dəstəkləyir. Karapetyanın rəhbərlik etdiyi “Taşir” şirkətlər qrupu “Qazprom”u inşaat materialları ilə təmin edir. 

Ona görə də Paşinyan hakimiyyəti Karapetyanı dövlət çevrilişinə cəhd ittihamı ilə həbs etdirib. Rusiyanın enerji amilindən siyasi təzyiq aləti kimi istifadə etdiyini görən Paşinyan alternativ mənbələr axtarır, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Çin və digər ölkələrdən sıxılmış qaz idxalını artırıb. 

2024-cü ildə Rusiyadan təbii qaz idxalı 13 faiz azaldılıb. Perspektivdə Ermənistanın əsas maye qaz tədarükçülərindən biri Azərbaycan ola bilər. Azərbaycanın məsafəcə yaxın olması, eyni zamanda “mavi yanacaq” istehsalı bunu mümkün edir. 

Birinci Qarabağ müharibəsində iki ölkə arasında təbii qaz nəql edən iki kəmərdən biri sıradan çıxıb. Söhbət Qazax-İcevan kəmərindən gedir. İşğal altındakı kəndlərin Azərbaycana qaytarılana, delimitasiya işləri yekunlaşana və boru xəttinin yenidən inşa edilənə qədər Azərbaycan Ermənistana dəmir yolu ilə sıxılmış qaz sata bilər. Bu isə Ermənistanın Rusiyanın asılılığından xilas olmasında mühüm rol oynamış olar. 

Qeyd edək ki, 2024-cü ilin məlumatına görə, Ermənistanın idxal etdiyi sıxılmış qazın 98 faizi Rusiyanın payına düşür. Azərbaycan bu məsələdə Ermənistan üçün mühüm “pəncərə” aça bilər. Təbii qazın nəql edildiyi ikinci kəmər isə 1986-cı ildə çəkilmiş Gorus-Xankəndi boru xəttidir. Bir neçə dəfə təmir olunmasına baxmayaraq, artıq həmin kəmər xeyli köhnəlib. Üstəlik, sözügedən kəmər qısa məsafəni əhatə edir. 

Ona görə də Azərbaycanla Ermənistan arasında yeni qaz kəməri çəkilməlidir. Bu da öz növbəsində bir neçə il vaxt aparacaq. Bütün hallarda, enerji sahəsində ticarətin bərpası Azərbaycan-Ermənistan sülh prosesinə ciddi təkan verə bilər. 1988-ci ildən etibarən, Ermənistan cəmiyyətində azərbaycanlılara qarşı birtərəfli şəkildə nifrət və düşmənçilik təbliğatı aparılıb. 

Ona görə də Ermənistanın taxıl, neft məhsulları kimi strateji əhəmiyyətli məhsullarla təmin olunmasına Azərbaycanın şərait yaratması bu təsəvvürün dəyişməsinə, nəticə etibarı ilə ideoloji düşmənçiliyin aradan qalxmasına kömək edə bilər. Bu, həm geosiyasi müstəvidə, həm də geoiqtisadi planda Azərbaycanın strateji mövqeyini gücləndirəcək amildir. 

İkincisi, Nikol Paşinyanın seçkilər öncəsi Azərbaycan vasitəsilə taxıl və neft məhsulları əldə etməsi Rusiyanın təsir imkanlarını neytrallaşdırmaq üçün çox vacibdir. Yəni Ermənistanda Rusiyanın təklif etdiyindən daha ucuz qiymətə taxıl, benzin və dizel yanacağı istehlakı seçkilərdə Paşinyanın “əlini” gücləndirə bilər. Belə olan təqdirdə, Ermənistan hakimiyyəti sülh danışıqları masasında Azərbaycana qarşı ərazi iddialarından imtina etmək və konstitusiyanı dəyişmək tələblərini qəbul etmək məcburiyyətindədir. 

Chosen
154
15
cebheinfo.az

10Sources