Ermənistan-Azərbaycan sərhədinin açılması regional ticarət və iqtisadiyyat üçün nə kimi təsirlər yarada bilər? Sərhəd açıldıqdan sonra iki ölkə arasında ticarətin davamlı və təhlükəsiz inkişafı üçün hansı əsas hüquqi addımlar atılmalıdır?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib:
" Hesab edirəm ki, hüquqi baxımdan Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsinin başlanması, Azərbaycan məhsullarının Ermənistana ixrac edilməsi, Ermənistan məhsullarının isə Azərbaycana ixrac edilməsi adi import-eksport qaydalarıdır, yəni idxal-ixrac əməliyyatlarıdır. Amma məsələ bundadır ki, keçmişdə bizim 40 ilə yaxın düşmənliyimiz olub, bir-birimizə düşmən ölkə kimi yanaşmışıq, müharibə aparmışıq. Xalqlar arasında qarşılıqlı nifrət hissi hələ tam aradan qalxmayıb, bu məsələ nəzərə alınmalıdır. Ermənistandan bütün məhsulların ixracında ciddi nəzarət, yoxlama prosesi təşkil olunmalıdır. Təxribat xarakterli məhsulların olması ehtimalı var. Belə hallar sərhəddə aşkarlanarsa, sadəcə olaraq iki hökumət arasında siyasi danışıqlar nəticəsində həll olunar, belə bir məsələyə, təxribata cəhd göstərənlərə qarşı addımlar atılar. Amma məsələ burasındadır ki, həmin təxribat xarakterli məhsul Ermənistan-Azərbaycan sərhədindən daxil olub Azərbaycan daxilində hansısa bir fəsad törətsə, bu artıq yenidən iki ölkə arasında düşmənçiliyin alovlanmasına gətirib çıxara bilər. Hadisələrin inkişafının hansı istiqamət ala biləcəyini proqnozlaşdırmaq çox çətin olar.
Ona görə də mən hesab edirəm ki, Ermənistandan idxal olunan bütün məhsullar sərhəd-gömrük keçid məntəqəsində ciddi şəkildə yoxlanılmalıdır. Ərzaq məhsulları xüsusilə yoxlanılmalı, bu məhsulların təxribat xarakterli olmadığına əmin olduqdan sonra Azərbaycan bazarına buraxılmalıdır. Eyni zamanda, yəqin ki, qarşı tərəf də Azərbaycan məhsullarını bu şəkildə yoxlayacaqdır, yəni qarşılıqlı sertifikasiya məsələsi olacaqdır.
Mən hesab edirəm ki, Ermənistan Azərbaycan üçün yeni bazar ola bilər. Digər tərəfdən, bir idxal ölkəsi kimi Ermənistan Azərbaycan iqtisadiyyatında mühüm rol oynaya bilər. Digər tərəfdən, biz Ermənistana qaz sata, neft məhsulları sata bilərik və s. Yəni qarşılıqlı ticarətin inkişafı həm də qarşılıqlı etimadın güclənməsi, hər iki tərəfdə bir-birinə iqtisadi və siyasi etibarın artması üçün vacib amildir.
Amma bu proses ilk mərhələdə çox ehtiyatla aparılmalıdır ki, hər hansı təxribatçı qruplar bu idxal-ixrac əməliyyatlarından nə Azərbaycanda, nə də Ermənistanda istifadə edə bilməsin. Bunun üçün həm Azərbaycan hökuməti ixrac etdiyi məhsullarda diqqətli olmalıdır, həm də Ermənistan hökuməti bu məsələdə diqqətli davranmalıdır. Yəni ixracatçı şirkətlərin fəaliyyətinə hər iki ölkə ciddi nəzarət etməlidir ki, qarşılıqlı idxal-ixrac əməliyyatlarında təxribat baş verməsin. Amma başqa bir problem mən görmürəm.
Ermənistanda kifayət qədər məhsullar var ki, onlar Azərbaycana idxal oluna bilər. Azərbaycanda da kifayət qədər məhsullar var ki, onlar Ermənistana ixrac edilə bilər".
Zeynəb Mustafazadə