EN

QHT sədri: Prezidentin amnistiya təşəbbüsü dərin sosial-fəlsəfi və humanitar məzmun daşıyan dövlət qərarıdır

Bakı, 19 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürdüyü və 20 mindən artıq şəxsi əhatə edəcəyi gözlənilən amnistiya təşəbbüsü bir neçə mühüm istiqamətdə – hüquqi, sosial, humanizm və ictimai-siyasi baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə vətəndaşlarla bağlı humanist siyasət davamlı xarakter daşımaqla yanaşı, dövlətin insan amilini ali dəyər kimi qəbul etdiyini, hüquqi tənzimləmələrdə və idarəetmə qərarlarında sosial ədalət, mərhəmət və məsuliyyət prinsiplərinə xüsusi önəm verdiyini aydın şəkildə nümayiş etdirir.

Bunu AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

O bildirib ki, amnistiya institutu hüquqi dövlət anlayışının mühüm elementlərindən biridir və Konstitusiyanın humanizm və ədalət prinsiplərinə söykənir. Azərbaycan dövləti məhz cinayət siyasətində cəza ilə tərbiyə və islah arasında balansın qorunmasını əsas məqam kimi nəzərə alır. Dövlətimiz tərəfindən ilk dəfə və ya az ağır cinayətlər törətmiş şəxslər üçün ikinci şans mexanizmi yaradılır. Bildirilir ki, amnistiya aktı, eyni zamanda, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Amnistiya aktının şamil ediləcəyi kateqoriyaya diqqət edildikdə, bu qərarın bərpaedici və sosial yönümlü mahiyyətini önə çıxır. Bu isə öz növbəsində Azərbaycanın hüquqi sisteminin çevik, humanist və sosial məsuliyyətli olduğunu nümayiş etdirir.

QHT sədri nəzərə çatdırıb ki, Prezident İlham Əliyevin təşəbbüsü sayəsində budəfəki amnistiyanın genişmiqyaslı olması və təxminən 20 min nəfərə şamil edilməsi onun xüsusilə geniş sosial təsir dairəsinin olacağını göstərir. Belə ki, bu qərar minlərlə ailənin sosial və psixoloji yükünü azaldacaq, azadlığa buraxılan şəxslərin cəmiyyətə reinteqrasiyası üçün imkan yaradacaq. Bu baxımdan amnistiya müxtəlif ailələrin sosial sabitliyinin möhkəmləndirilməsinə xidmət edən preventiv mexanizm kimi çıxış edir.

Prezident tərəfindən irəli sürülən bu təşəbbüs İlham Əliyevin insan taleyinə və ləyaqətinə verdiyi dəyərin təzahürüdür. Bu təşəbbüs cəmiyyətə bağışlama, mərhəmət mesajı verir, islah olunma potensialına inamı gücləndirir. “Hesab edirəm ki, bu, xüsusilə gənclər arasında ümidsizliyin qarşısını alan mühüm addımdır. Amnistiya qərarı, eyni zamanda, vətəndaş mövqeyinin güclənməsinə və ictimai həmrəyliyin dərinləşməsinə səbəb olur. Sözsüz ki, amnistiyanın məhz “Konstitusiya və Suverenlik İli”ndə elan edilməsi vacib simvolik məna daşıyır. Bu həm də beynəlxalq müstəvidə Azərbaycanın insan mərkəzli siyasət yürüdən dövlət imicini bir daha göstərir. Prezident İlham Əliyevin amnistiya təşəbbüsü təkcə hüquqi akt deyil, dərin sosial-fəlsəfi və humanitar məzmun daşıyan dövlət qərarıdır. Bu addım hüquqi dövlət prinsiplərinin, sosial ədalətin, humanizm və mənəvi dəyərlərin praktik ifadəsi kimi çıxış edir. Dövlətimizin başçısı, həmçinin cəmiyyətə aydın mesaj verir ki, güclü dövlət cəza ilə yanaşı, mərhəmət göstərməyi də bacaran dövlətdir”, - deyə C.Hüseynzadə əlavə edib.

Chosen
108
azertag.az

1Sources