EN

12-ci Prezident Kuboku uğrunda çövkən yarışlarının qrup mərhələsi yekunlaşıb

Bakı, 20 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə dekabrın 20-də Binə Atçılıq Mərkəzində 12-ci Prezident Kuboku uğrunda keçirilən çövkən yarışlarının qrup mərhələsinin son oyunları olub.

Bu barədə AZƏRTAC-a Atçılıq Federasiyasından məlumat verilib.

Bildirilib ki, qrup mərhələsinin son oyun günündə ilk qarşılaşma “Polad” və “Sərhədçi” çövkən komandaları arasında keçirilib və oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Günün ikinci qarşılaşmasında isə “Elit” çövkən komandası “Buta Golden” komandası üzərində 4:2 hesablı qələbə qazanıb.

Keçirilən oyunların nəticələrinə əsasən, A qrupunda “Polad” komandası 1-ci yeri, “Sərhədçi” komandası 2-ci yeri, “Zəfər” komandası isə 3-cü yeri tutub.

B qrupunda isə “Elit” komandası 1-ci yerə, “Embawood” komandası 2-ci yerə, “Buta Golden” komandası isə 3-cü yerə layiq görülüb.

Yarışın əsasnaməsinə uyğun olaraq, hər qrupdan ilk iki yeri tutan komandalar yarımfinal mərhələsinə vəsiqə qazanıb. Yarımfinal mərhələsində A qrupunun birincisi B qrupunun ikincisi ilə, B qrupunun birincisi isə A qrupunun ikincisi ilə qarşılaşacaq.

Məlumat üçün bildirək ki, yarımfinal oyunları dekabrın 22-də saat 15:00-dan etibarən keçiriləcək. “Polad” – “Embawood” və “Sərhədçi” – “Elit” qarşılaşmaları azarkeşlərin diqqət mərkəzində olacaq.

12-ci Prezident Kuboku uğrunda yarışların qalibi dekabrın 24-də saat 15:00-da keçiriləcək final oyununda müəyyənləşəcək. Həmin gün yarımfinal mərhələsində məğlub olan komandalar isə 3-cü yer uğrunda keçiriləcək qarşılaşmada mübarizə aparacaq.

 

Chosen
58
9
azertag.az

10Sources