"Football-plus.az" xəbər verir ki, "pələnglər"in baş məşqçisi Jorj Kaşkilya oyunsonrası mətbuat konfransında iştirak etdi:
"Hər iki komanda üçün çox çətin oyun oldu. "Zirə"nin topla üstünlüyü olsa da, taktiki cəhətdən hazır idik. Müdafiəni yaxşı qurmuşduq. "Zirə" iki təhlükəli vəziyyəti standart vəziyyətlərdən yaratdı. Bilirdik ki, rəqib fiziki cəhətdən güclüdü. İki təhlükəli künc zərbəsindən savayı, "Zirə" bizim qapımıza yaxınlaşa bilmədi. Bu da onu göstərir ki, matça taktiki cəhətdən yaxşı hazırlaşmışdıq. İkinci hissədə gözləyirdik ki, "Zirə" intensiv hücumlar edəcək. Onların oyunçuları fiziki və fərdi keyfiyyətə görə üstündü. Rəqib qol vurmaq istəyirdi. 70-ci dəqiqəyə qədər onlar təzyiq edirdi. Bizim oyunçular daha yorğun görünürdü. Çünki bundan əvvəlki matçımız çox çətin şəraitdə keçdi. "Zirə" ilə oyuna hazırlaşmaq üçün 4 günümüz var idi. Çempionatın bu fazasında 4 günə oyuna hazırlaşmaq çox çətindi. "Zirə"nin isə 6 gün vaxtı var idi. Onlar qol vurmaq istəyirdi. Bu cür rəqibə qarşı 1 xala görə müdafiə olunduq. Bunu müvəffəqiyyətlə etdik. İkinci hissədə məqsədimiz 1 xal qazanmaq idi, ona da nail olduq.