EN

Ən uzun gecənin bayramı - Naxçıvandan REPORTAJ

Naxçıvan, 21 dekabr, Nail Əsgərov, AZƏRTAC

Qədim zamanlardan insanlar öz ətraflarında baş verən proseslərin yaşayışlarına, güzəranlarına təsirini bədii təxəyyüllərində obrazlaşdırmağa çalışıblar. Zaman keçdikcə kamilləşərək təbiət hadisələrinə daha dəqiq qiymət verib və buna xas məişət mərasimləri formalaşdırıblar. Bu baxımdan dekabrın 20-dən 21-nə keçən gecə ölkəmizin hər yerində, o cümlədən Naxçıvanda qeyd edilən “Çillə” mərasimləri də min illərdən bəri formalaşmış milli dəyərlərimiz, adət-ənənələrimiz sırasında yer alır.

AZƏRTAC-ın bölgə müxbiri bu milli-mənəvi dəyərimizi qoruyub yaşadan Nəcəfovlar ailəsinin qonağı olub, “Çillə” mərasimləri barədə ətraflı söhbət edib.

Ailənin ağbirçəyi, yaşı 70-i haqlamış Zəkiyyə Vəliyeva deyir ki, uşaqlıqdan adət-ənənələrimizlə böyüyüb, elimizdə fəsillərin bir-birini əvəzləməsi, havaların dəyişməsini bildirən əlamətdar günlərin xüsusi təmtəraqla - bayram kimi qeyd edildiyini görüb. Həmin bayramlardan biri də "Çillə"dir. “Çillə” Naxçıvan Muxtar Respublikasında, xüsusilə Şərur və Ordubadda xalq adətlərimizə uyğun daha geniş qeyd edilir. Həmin gün nişanlı qızlara, təzə ailə həyatı quranlara "Çillə" payı aparılar. Bu bayramda süfrələr naz-nemətlərlə bəzənilər, aş süzülər. Dekabrın 20-si demək olar ki, bütün evlərdə “çillə” qarpızı kəsilir. Çünki qarpız “çillə” gecəsinin ən gözəl payı hesab olunur. Əksər ailələr qarpızı əvvəlcədən alıb saxlayırlar.

Zəkiyyə nənə böyük fəxrlə bildirir ki, 5 ildir bütün bayramlarımız ikiqat sevinclə və yüksək əhvali-ruhiyə ilə qarşılanır: “2020-ci ildə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı tarixi Zəfərdən sonra elə hər günümüz bayramdır. Otuz illik nisgilimiz sona çatıb. Artıq işğaldan azad olunan torpaqlarda da milli bayramlarımız böyük təmtəraqla qeyd olunur. 1990-cı illəri, Birinci Qarabağ müharibəsi dövrünü görmüş, ağrı-acılar yaşamış biri kimi, bugünkü sevincimiz, Qələbəmiz məni hədsiz qürurlandırır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, Prezidentimizi qorusun”.

Xalqımızın bütün bayramları kimi, "Çillə"də də qohum, qonşu xüsusilə də ahıl yaşlı insanlar ziyarət olunar, əzizlənər. Elə Zəkiyə nənəni də bu gün evinə, ailəsinə təşrif buyuran, onu görməyə, təbrik etməyə gələnlər az deyil. Onlardan biri ailənin yaxını, qohumu Nailə Nağıyevadır. Nailə müəllim həm də Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbində riyaziyyat fənnini tədris edir.

Milli adət-ənənəmiz barədə könül dolusu danışır: "Xalqımıza xas bir neçə adət-ənənələr vardır ki, bunlardan biri də “Çillə”dir. Bu bayram adətən dekabrın 20-si axşam qeyd olunur. “Çillə”də hamı bir-birini təbrik edir, nişanlı qızlara xonça tutulub aparılır. Xonçada bəzədilmiş qarpız da yer alır. Bu qarpız isti havanın sona çatmasını, qış fəslinin gəlişini göstərir. Qış fəslinin gəlişi sevindiricidir. Bütün uşaqlar bu fəsli səbirsizliklə gözləyirlər. Qarın yağması ilə qış həm də ruzi-bərəkət fəsli hesab olunur”.

“Çillə” bayramında hamı bir-birini təbrik edir. Bu baxımdan biz də Zəkiyə anamızı görməyə gəlmişik və burada süfrə arxasında “Çillə” bayramımızı qeyd edirik”, - deyə Nailə xanım bildirib.

Milli dəyərlərimizdən sayılan “Çillə” mərasimlərinin hər zaman yaşadılması və heç vaxt unudulmaması diləyi ilə Nəcəfovlar ailəsi ilə sağollaşır, Zəkiyyə nənəyə cansağlığı, neçə belə “Çillə” bayramlarını qeyd etməsini arzulayırıq.

Bəli, xalqımız qış fəslini xalq təqviminə uyğun olaraq, “Çillə” adı ilə üç yerə bölüb. Bunlardan “Böyük çillə” 40 gün (21 dekabr-30 yanvar), “Kiçik çillə” 20 gün (31 yanvar-20 fevral), “Ala çillə” və ya “Ala çolpav” (“boz ay” da deyilir) isə bir ay (20 fevral-20 mart) davam edir. “Çillə” ilin 365 gecəsinin ən uzunu və qışın başlanğıc gecəsidir. Dekabrın 21-i saat 19:03-də Azərbaycana qış fəsli daxil olub. Həmçinin bu gün ölkəmizin də daxil olduğu Şimal yarımkürəsində ilin ən uzun gecəsini yaşacağıq. Arzu edirik ki, yurdumuza qədəm qoyan qış özü ilə elimizə bolluq, ruzi-bərəkət gətirsin...

Chosen
124
azertag.az

1Sources