EN

“Xəbərimiz olmadan xidmət aktivləşdirilib”– Azercell-dən şikayət

Son günlər mobil operator Azercell ilə bağlı sosial şəbəkələrdə və şikayət platformalarında narazılıqlar artmaqdadır. Vətəndaşlar iddia edirlər ki, onların xəbəri olmadan mobil nömrələrində müxtəlif ödənişli xidmətlər aktivləşdirilir və balansdan mütəmadi vəsait silinir.

AzPost.az-a daxil olan növbəti müraciətdə bildirilib ki, şikayətçinin atasına məxsus nömrədən gündəlik olaraq 0.35 qəpik tutulub və 5 manatlıq kontur cəmi bir gün ərzində tamamilə xərclənib. Müraciətdə qeyd olunur ki, nömrə sahibinin texnologiyadan anlayışı az olduğu və gələn SMS-ləri oxumadığı üçün bu proses uzun müddət diqqətdən kənarda qalıb.

Məsələ araşdırıldıqdan sonra məlum olub ki, guya nömrədə “dil öyrənmə xidməti” aktivləşdirilib. Halbuki ailə üzvləri belə bir xidmətə qoşulma ilə bağlı hər hansı real addımın atılmadığını bildirir. Şikayətçi deyir ki, araşdırma zamanı bildir.az platformasında oxşar məzmunlu onlarla, hətta yüzlərlə şikayətə rast gəlib.

Şikayətlərdə iddia olunur ki, vətəndaşlara müxtəlif qısa kodlar göndərilir və sonradan bu kodlar “istifadəçi özü aktivləşdirib” arqumenti ilə əsaslandırılır. Vətəndaşlar isə sual edir: əgər bu qədər insan eyni problemlə üzləşirsə, doğrudanmı ölkə üzrə kütləvi şəkildə hamı “dil öyrənmə xidməti”nə qoşulub?

Məsələ ilə bağlı əsas narazılıqlardan biri də şikayətlərin cavabsız qalmasıdır. Vətəndaşlar bildirir ki, nə operator tərəfindən aydın izahat verilir, nə də bu tip halların qarşısını alan mexanizm tətbiq olunur.

AzPost.az mövzunu diqqətdə saxlayacaq və qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.

Chosen
42
1
azpost.info

2Sources