Cavaba əsasən, “Kosmetoloji” iş üzrə xidmətlin göstərilməsi tibbin bir sahəsi olaraq, tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutur. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o, cümlədən lazer üsulu ilə epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq və digər prosedurlar aiddir. Bu üsullar “kosmetoloji” işə aid olunduğundan ambulator xidmət üzrə “kosmetoloji” işə dair özəl tibb fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur.
Qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı hazırda da qüvvədədir.
Müəssisələrdə işin təşkili Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 07 aprel 2009-cu il tarixli 37 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində sanitariya epidemioloji tələblərə dair qaydaları” və digər qanunverici sənədlər əsasında tənzimlənir.
Azərbaycan Respublikasının Qanunvericiliyindən irəli gələn tələblər ölkə ərazisində “kosmetoloji” iş üzrə fəaliyyət göstərən hər bir sahibkarlıq subyekti üçün eynidir. Nəzarət tədbirləri Səhiyyə Nazirliyinə vətəndaş, dövlət və yerli özünüidarəetmə orqanlarından daxil olan müraciətlərə müvafiq olaraq aparılan araşdırmaların yekun nəticələrinə istinadən yaranmış zərurətdən irəli gələn Qərarın icrasına əsaslanır.