EN

“Şəhərsalma və Memarlıq İli”: Azərbaycanın Dayanıqlı Gələcək və Qlobal Liderlik Yolunda Yeni Mərhələsi

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2026-cı il “Şəhərsalma və Memarlıq ili” elan olunub. Bu sərəncam ölkəmizin daxili və xarici siyasətdə növbəti il üçün prioritet mövzusunu da özündə əks etdirir. Belə ki, ölkəmiz növbəti il BMT-in daha bir mötəbər tədbiri olan “Dünya Şəhərsalma Forumunun” 13-cü sessiyasına evsahibliyi edəcək.

Bu Forum 2001-ci ildə BMT tərəfindən təsis olunub və 2002-ci ildən bəri BMT-in Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunur. İştirakın miqyasına görə isə BMT-in İqlim konfransları və Baş Assambleya tədbirlərindən sonra Dünya Şəhərsalma Forumları üçüncü ən böyük tədbir hesab olunur və 11-ci Dayanıqlı İnkişaf Məqsədinin – Dayanıqlı Şəhərlər və İcmalar – həyata keçirilməsinə böyük töhfələr verir.

Beynəlxalq mötəbər tədbirlərə evsahibliyi Azərbaycanın xarici siyasətdə artan imicinə müsbət təsir göstərməklə yanaşı, diplomatik əlaqələrin də yeni formatda inkişafına imkan yaradır və beynəlxalq platformalarda mövqeyimizi daha da gücləndirir. Bu həm də dövlətin “Azərbaycan 2030: Sosial-iqtisadi İnkişaf üzrə Milli Prioritetlər” strategiyasına uyğun olaraq urbanizasiya, ekoloji təhlükəsizlik və davamlı inkişaf sahələrində beynəlxalq əlaqələrini gücləndirmək və qlobal proseslərə təsir etmək üçün yeni imkanlar açır.

Azərbaycan, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji zonası” kimi layihələri ilə dayanıqlı inkişaf gündəliyində qlobal liderliyə iddialıdır. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri şəhərsalma və memarlığın dövlət siyasətində prioritet istiqamət olduğunu bir daha təsdiqləyir. Şuşanın tarixi simasının bərpası milli iradənin, müasir yanaşmanın və tarixi məsuliyyətin vəhdətidir.

Bu qlobal tədbir, həmçinin, COP29 zamanı əldə olunan nəticələrin, o cümlədən qlobal maliyyə öhdəliklərinin artırılması təşviqini davam etdirə bilər və bir sinerji yarada bilər. Dünya Şəhərsalma Forumlarında, adətən, iştirakçıların böyük qisminin Afrika regionundan olması bu forumun Qlobal Cənubun urbanizasiya və mənzilləşmə ilə bağlı problemlərinin işıqlandırılması üçün etibarlı platforma olduğunu göstərir. Azərbaycan Qlobal Cənubun yüksələn və etibarlı tərəfdaşı olmaqla yanaşı, bu ölkələrə həm Qoşulmama Hərəkatına, həmçinin, COP29-a sədrliyi dövründə dəstəyini ifadə etmişdir. Ətraf mühitin qorunması, iqlim dəyişmələri ilə mübarizə və dayanıqlı şəhərsalma məsələlərində Azərbaycan növbəti il də beynəlxalq ictimaiyyətə öz töhfəsini verməyə davam edəcək.

Azərbaycan üçün şəhərsalma və memarlıq xalqımızın tarixini, mədəniyyətini və dünyagörüşünü əks etdirən strateji dəyərdir. Minilliklər boyu İpək Yolunun üzərində yerləşən ölkəmiz ticarət, mədəniyyət və sivilizasiyalararası əlaqələrin mərkəzində olmuş, bu mövqe şəhərlərimizin formalaşmasına və memarlıq irsimizin zənginləşməsinə birbaşa təsir göstərmişdir. Şəhərsalma və memarlıq irsi həm də Azərbaycanın beynəlxalq nüfuzunun mühüm tərkib hissəsidir. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhər, Şirvanşahlar Sarayı, Qız Qalası və Şəkinin tarixi mərkəzi ölkəmizin dünya mədəniyyətinə verdiyi töhfənin bariz göstəriciləridir. Böyük memar Əcəmi Naxçıvaninin yaradıcılığı isə Azərbaycan memarlıq məktəbinin regional və qlobal miqyasda təsir gücünü nümayiş etdirir.

Nəticə etibarilə, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycanın milli inkişaf strategiyasının, qlobal məsuliyyətinin və gələcəyə yönəlmiş baxışının ifadəsidir. Bu addım ölkəmizin dayanıqlı şəhərsalma, ekoloji tarazlıq, innovativ planlaşdırma və mədəni irsin qorunması sahələrində əldə etdiyi təcrübəni beynəlxalq müstəviyə çıxarmaq üçün mühüm platforma yaradır. Dünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi isə Azərbaycanın artıq qlobal urbanizasiya gündəliyinin formalaşmasında fəal iştirakçı və etibarlı tərəfdaş kimi çıxış etdiyini təsdiqləyir. Tarixi irsə söykənən, müasir çağırışlara cavab verən və gələcək nəsilləri hədəfləyən bu yanaşma göstərir ki, Azərbaycan üçün şəhərsalma və memarlıq sadəcə məkan quruculuğu deyil, milli kimliyin qorunması, sosial rifahın yüksəldilməsi və dayanıqlı gələcəyin təmin olunmasıdır.

 

 

Pərvanə Vəliyeva

Milli Məclisin deputatı

Chosen
113
qht.az

1Sources