EN

Zəhra Pezeşkian Bakıda uşaqların hüquqları ilə bağlı ÇAĞIRIŞ ETDİ

“Biz İslam baxışına əsaslanaraq qadını ilahi gözəlliyin təcəssümü kimi dəyərləndiririk. Qadın ailəmizin mərkəzində əsas və insani rola malikdir, cəmiyyətin tərbiyə sisteminin əsas dayağıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu  İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian Bakıda “Rəqəmsal Mühitdə Uşaqların Müdafiəsi: Müasir Alətlər və Beynəlxalq Əməkdaşlıq” adlı konfransda çıxışı zamanı bildirib.

Prezidentin qızının sözlərinə görə, müasir dünyada baş verən sürətli dəyişikliklər insan həyatında əvvəlcədən planlaşdırılması çətin olan proseslər yaradıb. Bu dəyişikliklər imanımıza, şəxsi toxunulmazlığımıza və xüsusilə uşaqların sağlam inkişafına yeni təhdidlər formalaşdırır:

“Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasına əsasən, hər bir uşaq öz inancını qorumaq və sağlam inkişaf etmək hüququna malikdir. Rəqəmsal mühitdə bu hüquqlar daha çox risklə üz-üzə qalır”.

Zəhra Pezeşkian qeyd edib ki, İranda beynəlxalq öhdəliklərə uyğun olaraq uşaqların virtual mühitdə qorunması istiqamətində praktiki və genişmiqyaslı tədbirlər həyata keçirilir. Virtual məkanda uşaqların müdafiəsi üçün xüsusi mexanizmlər yaradılıb, bu sahədə bacarıqlar əsas prioritetlərdən biri kimi müəyyən edilib:

“Hətta internet mühitində uşaq əməyinə qarşı mübarizə yeni hüquqi çağırışlar yaradır. Bu səbəbdən qoruyucu qaydaların formalaşdırılması istiqamətində səylər göstərilir ki, uşaqlar internetdən istifadə zamanı məsuliyyətsiz risklərlə üzləşməsinlər.

Birgə qaydalar və ortaq səylər nəticəsində internet mühitində müsbət dəyişikliklərə nail olmaq və mövcud hüquqi boşluqlarla mübarizə aparmaq mümkündür”.

O, sonda hər kəsə çağırış edib:

“Xanımlar və cənablar, virtual məkanda uşaqların hüquqlarının qorunması istiqamətində görülən işlər davam etdirilir və bu, bizim ümumi məsuliyyətimizdir”.

Zeynəb Rzayeva

Chosen
25
bakivaxti.az

1Sources