EN

Duran: Qəzaya uğrayan təyyarə ilə bağlı bütün qurumlar səfərbər olunub

BAKI, 24 dekabr. TELEQRAF

Türkiyənin Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran Liviya nümayəndə heyətini daşıyan və Ankaranın Haymana rayonunda qəzaya uğrayan təyyarə ilə bağlı bütün aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlərin diqqətlə həyata keçirildiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "TRTHaber" yazır.

Burhanəddin Duran qəzanın detallarını bölüşüb. O bildirib ki, hadisə 23 dekabr 2025-ci il tarixində baş verib, təyyarə saat 20:17-də Esenboğa hava limanından havaya qalxdıqdan sonra, 20:33-də elektrik nasazlığı səbəbindən hava nəzarət mərkəzinə fövqəladə vəziyyət siqnalı göndərib və təcili eniş üçün icazə istəyib. Hava nəzarət mərkəzi təyyarəni yenidən Esenboğa hava limanına yönləndirib və zəruri təhlükəsizlik tədbirləri görülməyə başlanıb. Lakin eniş üçün alçalan təyyarə saat 20:36-da radar ekranlarından itib və onunla əlaqə kəsilib.

Kommunikasiya İdarəsinin rəhbəri qeyd edib ki, Daxili İşlər Nazirliyinə bağlı qurumların həyata keçirdiyi axtarış tədbirləri nəticəsində təyyarənin qalıqları tapılıb və bütün aidiyyəti dövlət qurumları tərəfindən işlər yüksək diqqət və məsuliyyətlə davam etdirilir.

Duran ictimaiyyətə və media qurumlarına çağırış edərək, yalnız rəsmi mənbələr tərəfindən yayılan məlumatlara etibar edilməsinin, sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara, şayiə və spekulyasiyalara diqqət yetirilməməsinin vacibliyini vurğulayıb.

Chosen
98
teleqraf.com

1Sources