Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.
Avtomobilin ön şüşəsində çat və ya zədənin olması sürücülər arasında tez-tez müzakirə edilən məsələlərdəndir. Maraqlıdır, belə hallarda sürücüyə inzibati cərimə tətbiq edilə bilərmi?
Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov bildirib ki, məsələ hər bir konkret vəziyyətə görə qiymətləndirilməlidir.
“Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” qanununun 1 saylı əlavəsinin 7-ci bəndinə əsasən, avtomobilin ön şüşəsində çat və ya hər hansı zədə sürücünün idarəetməsini faktiki olaraq məhdudlaşdırarsa, bu halda nəqliyyat vasitəsinin istismarına icazə verilmir. Lakin çat və ya zədə sürücünün görmə sahəsinə mane olmursa, buna görə inzibati cərimə tətbiq edilmir”.
Hüquqşünas əlavə edib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 98-ci maddəsində tormoz sistemi, sükan idarəetmə mexanizmi nasaz olan, eləcə də xarici işıq cihazları, qabaq şüşənin şüşəsilgəcləri və şüşəyuyanları işləməyən nəqliyyat vasitələrinin istismarının qadağan edildiyi qeyd olunur.
“Bu cür nasazlıqlar aradan qaldırılmadığı təqdirdə, nəqliyyat vasitəsinin istismarına qadağa qoyula bilər və sürücüyə 50 manat məbləğində inzibati cərimə tətbiq olunur”, – deyə R.Süleymanov vurğulayıb.
Beləliklə, avtomobilin ön şüşəsində çatın olması avtomatik olaraq cərimə üçün əsas sayılmır. Əsas meyar həmin çatın sürücünün görmə qabiliyyətinə və təhlükəsiz hərəkətinə mane olub-olmamasıdır./konkret.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.