EN

Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası”na çevrilməsi ölkənin davamlı inkişafına xidmət edir

Bakı, 24 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasında “yaşıl iqtisadiyyat”ın inkişafı dövlətin sosial-iqtisadi siyasətinin strateji hədəflərindən biridir. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası”na çevrilməsi, sənaye parkları və aqroparkların ekoloji təmiz istehsal prinsipləri əsasında fəaliyyət göstərməsi, təkrar emal proseslərinin genişləndirilməsi ölkənin davamlı inkişafına xidmət edir. Bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycanın beynəlxalq miqyasda ekoloji məsuliyyətli dövlət imicini möhkəmləndirir və gələcək onilliklərdə sosial rifahın, iqtisadi artımın və ekoloji tarazlığın təmin olunmasına zəmin yaradır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində coğrafiya elmləri doktoru Nəriman Paşayev söyləyib. O bildirib ki, “yaşıl iqtisadiyyat” anlayışı ilk dəfə 1989-cu ildə Böyük Britaniya hökuməti üçün hazırlanmış hesabatda istifadə olunub, sonrakı dövrdə isə BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən insan rifahını, sosial ədaləti təmin edən və ətraf mühit risklərini minimuma endirən iqtisadi model kimi müəyyənləşdirilib. Bu konsepsiya Davamlı İnkişaf Konsepsiyası ilə sıx bağlıdır və müasir dövrdə ekoloji tarazlığın qorunması, resurslardan səmərəli istifadə və sosial inklüzivlik kimi əsas prinsiplərə söykənir.

“Azərbaycan Respublikasında “yaşıl iqtisadiyyat”a keçid konsepsiyası, əslində, onun 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf ölkə kimi qatıldığı dövrdən başlayır və həmin vaxtdan dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qəbul edilib. Sənaye məhəllələri və sənaye parklarının, 20-dən çox aqroparkın, bərpaolunan enerji mənbələrinin genişləndirilməsi və “yaşıl enerji zonası”nın yaradılması bu sahədə ardıcıl həyata keçirilən ən mühüm addımlardır”, - deyə alim bildirib.

Chosen
23
1
azertag.az

2Sources