EN

Tolerantlıq hər bir azərbaycanlının həyat tərzidir...

Azərbaycan Din Xadimlərinin II Forumu keçirilib

Dünən Bakıda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Din Xadimlərinin II Forumu keçirilib. Forumda müvafiq dövlət qurumlarının nümayəndələri, dini təhsil müəssisələrinin müəllimləri, ilahiyyatçı alim və mütəxəssislərlə yanaşı, Türkiyə və Özbəkistanın dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbər şəxsləri iştirak ediblər.

Bölünməz və zəngin mənəvi irsimizin əsas dayaqları

Forumda iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, ölkəmizdə din siyasəti demokratik, hüquqi, dünyəvi dövlətçilik prinsiplərinə və beynəlxalq normalara əsaslanır: “Bizim Vətənimiz tarixən müxtəlif sivilizasiyaların qovuşduğu, fərqli etnosların və dinlərin bir ailə kimi, qarşılıqlı hörmət və sevgi şəraitində yaşadığı nadir mənəviyyat mərkəzlərindən biri olub. Bu coğrafiyada tolerantlıq hər bir azərbaycanlının mənəvi dünyasına həkk olunmuş həyat tərzidir. Qədim Qafqaz Albaniyasından bizə miras qalan məbədlər, İslamın gəlişi ilə mənəvi dünyamızın formalaşmasına güclü təsir göstərən əzəmətli minarələr, sinaqoqlar və kilsələr vahid, bölünməz və zəngin mənəvi irsimizin əsas dayaqlarıdır”.

Humanist dünyagörüşün əyani təzahürü

Komitə sədri vurğulayıb ki, Azərbaycanın dövlətçilik salnaməsi yalnız siyasi və iqtisadi nailiyyətlərlə deyil, eyni zamanda, sarsılmaz mənəvi dayaqlara, inanc və vicdan azadlığına hörmət və sadiqlik prinsiplərinə söykənən zəngin dəyərlər sistemi ilə səciyyələnir: “Sahib olduğumuz dövlət-din münasibətləri modeli hüquqi müstəvidə tənzimlənən sistem olmaqla yanaşı, xalqımızın min illər ərzində formalaşan, tarixin ən çətin sınaqlarından keçərək cilalanan yüksək mədəniyyətinin, dözümlülüyünün və humanist dünyagörüşünün əyani təzahürüdür. Bu irsin qorunması və gələcək nəsillərə ötürülməsi dövlət siyasətimizin və milli kimliyimizin ən fundamental prioritetlərindən biridir”.

İstənilən din mənəvi-əxlaqi hadisədir

Özbəkistanın Dini İşlər Komitəsi sədrinin birinci müavini Davronbek Maxsudov bildirib ki, Özbəkistanla Azərbaycanı dövlət-din münasibətləri sahəsində də bir çox məqam birləşdirir: “Hər ikisi dünyəvi dövlətdir, ənənələrə, xüsusilə xalqların dini adət-ənənələrinə hörmətlə yanaşırlar.

Dünyəvi dövlət sosial-mənəvi həyat kontekstində dinin təbii yerini inkar etmir. Müasir hüquqi-demokratik dövlətdə həm sekulyarizm, həm də dindarlıq özünəməxsus yerə malikdir.

Dövlət-din münasibətlərinin daha bir mühüm xüsusiyyəti isə dinin siyasiləşdirilməməsidir. İstənilən din, ilk növbədə, mənəvi-əxlaqi bir hadisədir. Heç bir din özü-özlüyündə xalqın sosial-iqtisadi, siyasi və mədəni həyatının bütün aspektlərini əhatə etmək iddiasında olmur”.

Dinə təsir edən əsas amillərdən biri...

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, din bəşəriyyət tarixində hər zaman mühüm rol oynayıb və cəmiyyətdə baş verən proseslərə dərindən təsir edən bir institut olub: “Müasir dövrdə dinə yanaşmalar müxtəlifdir və bu sahəyə təsir edən əsas amillərdən biri də texnologiyadır. Son araşdırmalar göstərir ki, artıq insanlar məlumatı televiziya deyil, daha çox internet resursları vasitəsilə əldə edirlər.

Ölkəmizdə dinlə bağlı biliklər orta məktəblərdə “Həyat bilgisi” və “Tarix” dərslərində, ali təhsil müəssisələrində isə “Multikulturalizm” fənni vasitəsilə tədris olunur. Məqsədimiz şagird və tələbələrə din haqqında elmi məlumatlar çatdırmaqdır. Lakin təhsil müəssisələrində dini təbliğ etmək düzgün olmaz. Azərbaycan dünyəvi dövlətdir və hər bir fərd inanc seçimində tam azaddır. Hazırda ölkəmizdə müxtəlif dinlərin və konfessiyaların nümayəndələri sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşayırlar”.

Multikultural dəyərlər statik qalmamalıdır

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun sözlərinə görə, rəqəmsallaşmanın müsbət tərəfləri olduqca çoxdur: “Xüsusilə uşaqlar və gənclər ehtiyac duyduqları məlumatları süni intellekt vasitəsilə sürətlə toplaya bilirlər. Lakin informasiya bolluğu gəncləri çox vaxt dilemma qarşısında qoyur və düzgün seçimi çətinləşdirir”.

İcraçı direktor müasir texnologiyaların inkişaf sürəti ilə ayaqlaşmağın və onların mənfi təsirlərinə qarşı mübarizə aparmağın kifayət qədər çətin bir məsələ olduğunu bildirib: “Biz hələ də həcmli kitablar vasitəsilə gəncləri maarifləndirməyə çalışsaq da, müasir dövrün tələbləri fərqlidir. Artıq informasiyanı onlara daha yığcam, anlaşıqlı və maraqlı formatlarda çatdırmağın yollarını tapmalıyıq.

Cəmiyyətimizin informasiya təhlükəsizliyini təmin etmək və ötürdüyümüz məlumatların doğruluğunu qorumaq bu gün ən vacib amillərdən biridir. Ölkəmizdə mövcud olan multikultural dəyərlər statik qalmamalı, zamanın tələblərinə uyğun inkişaf etməlidir. Bu səbəbdən növbəti illərdə Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində tədris metodikasının yenilənməsinin və daha operativ formaya salınmasının faydalı olacağını düşünürük”.

Yeganə

Chosen
29
1
yeniazerbaycan.com

2Sources