EN

Zavodda tanışını döyərək xəsarət yetirən mühafizəçi məhkəmə istintaqı dövründə ölüb

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Zahid Əşrəfovun (adı, soyad şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə ittiham aktı elan olunub.


İttiham aktına əsasən, təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsində yerləşən “Alatava” dəyirman zavodunda mühafizəçi vəzifəsində işlədiyi zaman iş yoldaşı, zərərçəkmiş Vahid Qədirli (adı, soyadı şərtidir) ilə aralarında mübahisə yaranıb.


Belə ki, Zahid Əşrəfov növbə günü ilə bağlı zərərçəkmişdən növbələrin dəyişdirilməsini xahiş edib. Lakin Vahid bu təklifə etiraz edərək ona nalayiq ifadələrlə müraciət etməsi tərəflər arasında mübahisəyə səbəb olub. Yaranmış mübahisə zamanı təqsirləndirilən şəxs əvvəlcə zərərçəkmiş şəxsi bir dəfə yumruqla sifət nahiyəsindən vurub, daha sonra isə iş yerində olan kustar üsulla hazırlanmış kətmənlə bir dəfə baş nahiyəsindən qəsdən zərbə endirib. Nəticədə Vahidə ağır bədən xəsarətləri yetirib.


Qeyd olunan fakt üzrə cinayət işi məhkəmənin icraatına daxil olub. Məhkəmənin baxışında təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və bir şahid dindirilib. Digər şahidlərin dindirilməsinin təmin olunması məqsədilə məhkəmə iclası növbəti tarixə təxirə salınıb.


Lakin növbəti iclas zamanı Zahid Əşrəfovun qohumları tərəfindən verilən şifahi məlumata və elektron məhkəmə informasiya sistemindən əldə edilən rəsmi məlumatlara əsasən, təqsirləndirilən şəxsin vəfat etdiyi müəyyən olunub. Bununla əlaqədar məhkəmə tərəfindən onun yaxın qohumlarına Cinayət Prosessual Məcəlləsinin 106-1-ci maddəsinin tələbləri izah edilib, onlara müvafiq bildiriş göndərilmiş və məhkəmə iclası başqa tarixə təxirə salınıb.


Məhkəməyə daxil olmuş bildirişə əsasən, Zahid Əşrəfovun həyat yoldaşı rəsmi ərizə ilə müraciət edərək cinayət işi üzrə hüquqi varis qismində tanınmaq istədiyini bildirib.


Məhkəmənin qərarı ilə cinayət təqibinə xitam verilib, təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri qüvvədən düşmüş sayılıb.

 

Kamal Məmmədov 

Tarix: 25 Dekabr 2025, 08:47   
Chosen
27
pravda.az

1Sources