EN

Şampan formasında satılan Yeni il limonadları xəstəlik yaradır? - AÇIQLAMA

Yeni ildə süfrələrinin bəzəyinə çevrilən, uşaqların sevimli içkisi olan şampan formasındakı limonadlar marketlərdə müxtəlif qiymətə təqdim edilir. Ancaq bu içkilərin tərkibi rəngli olduğu qədər təbii və təhlükəsiz deyil.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis İlkin Şirinovun sözlərinə görə, burada məsələyə həm psixoloji, həm də sağlamlıq baxımından yanaşmaq olar: “Təbii ki, onun içərisindəki spirtli içki deyil. Ancaq məhsulun tərkibində olan dadlandırıcılar, rəngləndiricilər və şəkərin miqdarı uşaqlarda insulin dirəncinin yaranmasına, həmçinin piylənməyə səbəb ola bilər. Bu baxımdan rəngləndirici və dadlandırıcıların miqdarı xüsusi əhəmiyyət kəsb edir. Bu məhsul əsasən ildə bir dəfə, bayram ərəfəsində satışa çıxarılır və digər vaxtlarda satışda olmur”.

 

İ.Şirinov bildirib ki, limonadın şampan butulkasında təqdim edilməsi isə uşaqlarda psixoloji baxımdan alkoqola erkən yaşlarda adaptasiya riskini yaradır: “Bu cür təqdimat “Bayram mütləq alkoqolla keçirilməlidir”, “Bayramı alkoqollu içki ilə qeyd etməliyik” kimi düşüncələrin formalaşmasına psixoloji təsir göstərir. Bu yanaşma uşaqlar üçün qəbuledilməzdir və spirtli içkilərə qarşı erkən yaşlardan münasibətin formalaşmasına səbəb olur. Daha məqsədəuyğun olar ki, bu cür içkilər öz qabında və ya kompot kimi təqdim edilsin”.

 

Şəhanə Quliyeva

Tarix: 25 Dekabr 2025, 10:13   
Chosen
10
pravda.az

1Sources