ain.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Ağstafada Yeni il bayramı münasibətilə keçirilən bu şənlik, dövlətimizin və cəmiyyətimizin ən həssas təbəqələrə-şəhidlərimizin əmanəti olan övladlara, qazilərimizin balalarına, fiziki qüsurlu və aztəminatlı ailələrdən olan uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsi oldu.
Ağstafa rayon Heydər Əliyev Mərkəzində Bakı Bələdiyyə Teatrının təqdim etdiyi Yeni il şənliyində uşaqların sevinc dolu gülüşləri zala xüsusi bir istilik qatdı. Şaxta baba və Qar qızın, eləcə də uşaqların sevimli nağıl qəhrəmanlarının iştirakı ilə nümayiş etdirilən əyləncəli proqramlar balacalara unudulmaz bayram sevinci yaşatdı.
Bu mənalı bayram tədbiri Ağstafa Rayon İcra Hakimiyyəti, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirildi. Tədbirin əsas məqsədi, Vətən uğrunda canından keçən şəhidlərimizin övladlarının daim diqqət mərkəzində olduğunu, qazilərimizin ailələrinin, fiziki məhdudiyyətli və aztəminatlı ailələrdən olan uşaqların dövlət tərəfindən unudulmadığını bir daha göstərmək idi.
Bu cür tədbirlər bir daha sübut edir ki, şəhid balaları bizim milli-mənəvi dəyərimizdir, onların sevinci isə hər birimizin borcudur. Dövlətin və aidiyyəti qurumların göstərdiyi bu qayğı, uşaqların gələcəyə ümidlə baxmasına, özlərini tək hiss etməmələrinə böyük mənəvi dayaq olur.
Hamlet Qasımov XQ-nin bölgə müxbiri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.