EN

AZAL-ın təyyarəsinin qəzaya uğramasından bir il ötür

Bir il əvvəl, dekabrın 25-i 2025-ci ili qarşılamağa hazırlaşan Azərbaycan xalqı günortaya doğru gələn bir xəbərlə sarsılıb: “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 kilometr yaxınlığında qəza enişi edib”.

Hadisədən sonra verilən məlumatlarda bu zaman 38 nəfərin həlak olduğu, 29-nun yaralandığı bildirilib.

Hadisəyə operativ reaksiya

Həmin gün Sankt-Peterburq şəhərində keçiriləcək MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlətimizin başçısı dərhal geri dönmək barədə tapşırıq verib.

Təyyarədə olarkən dövlətimizin başçısı tərəfindən qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına lazımi tapşırıqlar verilib.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun sədrliyi ilə dövlət komissiyası yaradılıb. Prezidentin tapşırığına uyğun olaraq, faciəvi qəza ilə əlaqədar Azərbaycanın fövqəladə hallar naziri, eləcə də rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstana yola düşüb.

Qəza ilə əlaqədar ilk andan Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğu hadisə yerində fəaliyyət göstərməyə başlayıb. Qazaxıstan tərəfi ilə əlaqələndirilməklə, fövqəladə xilasetmə qurumları tərəfindən təcili operativ tədbirlər görülüb.

Təyyarə yerə endikdən dərhal sonra Prezident İlham Əliyev hadisə ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda müşavirə keçirib.

Hadisənin ardınca Azərbaycanın Baş Prokurorluğunda cinayət işi açılıb və Qazaxıstanın müvafiq qurumu ilə istintaqa başlanılıb.

Həlak olanlara ehtiram

Prezident İlham Əliyevin Sərəncamına əsasən, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

Həmin gün Azərbaycanın bütün məscidlərində təyyarənin qəzaya uğraması nəticəsində həlak olan sərnişinlərin və ekipaj üzvlərinin xatirəsi dualarla anılıb. Həmçinin məscidlərdə məclislər qurulub, "Qurani-Kərim”dən ayələr tilavət edilib, dualar oxunub.

Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dekabrın 26-da AZAL-ın təyyarəsi ilə qəza nəticəsində yaralanan 7 nəfər və həlak olan 4 nəfərin nəşi, Fövqəladə Hallar Nazirliyinin təyyarəsi ilə isə 7 yaralı Bakıya gətirilib. Həlak olan 21 sərnişin və 3 ekipaj üzvünün meyiti isə dekabrın 27-dən 28-nə keçən gecə gətirilib. Qəzada yaralanan vətəndaşların müalicəsi Yeni Klinikada aparılıb. Müalicə alanlardan ən sonuncu pasiyent 2025-ci il fevralın 19-da xəstəxanadan buraxılıb.

Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda vida mərasimi keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva vida mərasimində iştirak ediblər, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər. Vida mərasimindən sonra hər üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunublar. Dəfn mərasimində dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Təyyarəyə kənar müdaxilə və Azərbaycanın tələbləri

Dekabrın 27-də qəzanın səbəbləri barədə jurnalistlərə müsahibə verən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev yerdə olan təyyarə qalıqlarına və şahid ifadələrinə əsasən mütəxəssislərin gəldiyi ilkin qənaəti açıqlayıb. Təyyarəyə kənar müdaxilə olmuşdu: "Ancaq kənar müdaxilənin hansı növ silahdan olduğunu istintaq müəyyənləşdirəcək”.

Dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı əsnasında Vladimir Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini, yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib. Dövlətimizin başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişinlərin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmalarının, bu xüsusda, sağ qalan təyyarə bələdçilərinin və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb.

Söhbət zamanı dövlət başçıları bu faciənin bütün təfərrüatlarının ciddi və hərtərəfli araşdırılmasını, günahkarların məsuliyyətə cəlb olunmasını müzakirə ediblər.

“Embraer 190” təyyarəsinin fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların ilkin nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq AZAL şirkəti dekabrın 28-dən Rusiyanın bəzi şəhərlərinə uçuşları dayandırıb.

Qazaxıstanın Nəqliyyat Nazirliyinin ilkin hesabatında isə komandir və ekipaj üzvləri tərəfindən uçuşa hazırlıq işləri həyata keçirildiyi qeyd olunub. Bildirilib ki, hava gəmisinin komandir, ikinci pilot, baş bort bələdçisi və iki bort bələdçisindən ibarət ekipaj üzvləri uçuşdan qabaq Heydər Əliyev Beynəlxalq Aeroportunun tibb məntəqəsində yoxlanışdan keçiblər.

Qazaxıstanda qəzaya uğrayan “Embraer 190” tipli sərnişin təyyarəsinin “qara qutu”larının məlumatlarının təhlil edilməsinə Braziliyadan olan mütəxəssislər də qoşulublar. Buna səbəb təyyarənin həmin ölkədə istehsal olunmasıdır.

Prezident İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verib. Jurnalistin "Cənab Prezident, bəs, ümumilikdə Azərbaycanın baş verənlərlə bağlı Rusiyadan gözləntiləri və tələbləri nədən ibarətdir?" sualını ölkə başçısı belə cavablandırıb: "Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik. Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırılıb. Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Bax, budur. Yenə də deyirəm, Azərbaycan ictimaiyyəti məsələnin bütün tərəfləri barədə məlumatlandırılacaq və məlumatlandırılır. Dediyim şərtlər də, bunlar təbii olaraq ictimaiyyətə sizin vasitənizlə çatdırılır və yenə də deyirəm, mən ümid edirəm ki, bizim şərtlərimiz qəbul ediləcək".

Qazaxıstandan qardaş dəstəyi

Hadisə baş verən andan Qazaxıstan hökumətinin və qazax xalqının nümayiş etdirdiyi dostluq və qardaşlıq nümunəsi örnək göstəriləcək bir hal idi. Belə ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktau yaxınlığında AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar Dövlət Komissiyasının yaradılması barədə sərəncam imzalayıb. Komissiyaya Baş nazirin müavini Kanat Bozumbayev rəhbərlik edib.

Dövlət başçısı Astanadan Aktauya həkimlərin göndərilməsi və zərərçəkənlərə bütün zəruri dəstəyin göstərilməsi barədə göstəriş verib.

AZAL Aktau yaxınlığında “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı hadisə yerində Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə qüvvələri və Daxili İşlər Nazirliyinin istintaq qrupu ilə araşdırma işləri aparıb. “Embraer 190” təyyarəsinin qəzaya uğradığı yerdə 97 texnika və 482 nəfər xilasedici işləyib. Hadisə yerinə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb ediliblər.

Qazax xalqının səfirliyimiz önünə gələrək həlak olanların xatirəsinə ehtiramlarını ifadə etməsi, gül dəstələri düzməsi, xəstəxanalarda müalicə alan vətəndaşlarımıza yardım etmək üçün səfərbər olması ağrılı günümüzə baxmayaraq, diqqətdən qaçmayıb.

Prezident İlham Əliyev dekabrın 27-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.

Dövlət başçıları Azərbaycan və Qazaxıstan vətəndaşlarının olduğu təyyarənin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə bağlı bir-birinə, həmçinin həlak olanların yaxınlarına başsağlıqlarını bildirib, yaralananlara tezliklə şəfa arzulayıblar.

Prezident İlham Əliyev, ilk növbədə, Qazaxıstan Prezidentinə xilasetmə işlərinin aparılması ilə bağlı şəxsən təşəkkürünü bildirib. Dövlətimizin başçısı bu işlərdə dərhal lazımi tədbirlər görən və yaralanan sərnişinlərin xilas olunmasında fəal iştirak edən Qazaxıstan xilasedicilərinin işini yüksək qiymətləndirib. Eyni zamanda, Azərbaycan Prezidenti Qazaxıstanın tibb personalına da təşəkkürünü çatdıraraq, onların xəsarət alanlara qayğı ilə yanaşmaları və peşəkarcasına tibbi xidmət göstərmələri ilə bağlı minnətdarlığını bildirib, yaralananların böyük hissəsinin artıq Vətənə döndüyünü və hələ də orada müalicə olunan Azərbaycan vətəndaşlarının olduğunu vurğulayıb.

Dövlətimizin başçısı bununla yanaşı, Qazaxıstanın sadə vətəndaşlarının da Azərbaycanla həmrəylik göstərərək, bu işlərdə verdikləri dəstəyi bir daha dost və qardaş xalqlarımızın bir-birinə nə qədər bağlı olmasının göstəricisi kimi dəyərləndirib, bunun Azərbaycan ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirildiyini qeyd edib.

Öz növbəsində Kasım-Jomart Tokayev bildirib ki, təyyarə qəzasının araşdırılması ilə bağlı onun tapşırığı ilə dərhal xüsusi komissiya yaradılıb, “Embraer” şirkətinin nümayəndələri Qazaxıstana gəliblər və araşdırma işlərində fəal iştirak edirlər.

Telefon söhbəti zamanı tərəflər istintaqın gedişi ilə bağlı fikir mübadiləsi aparıb və əmin olduqlarını bildiriblər ki, aparılan istintaqın nəticəsində qəzanın başvermə səbəbləri tam şəkildə araşdırılacaq.

Hətta Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin müraciəti əsasında qəzanın səbəblərini araşdırmaq, texniki və əməliyyat təhlillərini aparmaq və qəza vəziyyətini təmin etmək üçün Türkiyədə 8 nəfərdən ibarət istintaq komissiyası yaradılıb. Türkiyənin yaratdığı komissiya "qara qutu"nun oxunmasında və qəzanın araşdırılmasında iştirakçı kimi çıxış edib.

Ekipaj üzvlərinin qəhrəmanlığı, qulaqlardan getməyən "Hər şey yaxşı olacaq!" sədası

Həmin hadisə nəticəsində dünya Azərbaycanın yeni qəhrəmanları ilə tanış olub. Bu dəfə onlar 5 nəfərlik ekipaj üzvləri idilər. Təəssüf ki, onlardan 3-ü xidməti vəzifə borclarını peşəkarcasına yerinə yetirərkən həlak olub, digər 2-si isə yaralanıb. Ekipaj üzvlərinin canları bahasına olsa da, onların sərnişinləri xilas etmək cəhdləri tarixə həkk olunub. Xüsusilə stüardessa Hökumə Əliyevanın ölümlə üz-üzə ikən sərnişinləri sakitləşdirməyə çalışması, olacaqları bilə-bilə göyərtədəkilərə kövrək səslə "Hər şey yaxşı olacaq!" ümid mesajını verməsi, son tapşırığını uğurla yerinə yetirməsi, nəinki, ölkəmizdə böyük heyranlıqla qarşılanıb, hətta ölkə hüdudlarından kənarda cəsarətli, dəyanətli və peşəkar Azərbaycan qadınının obrazını formalaşdırıb.

Prezident İlham Əliyevin dekabrın 29-da imzaladığı Sərəncam ilə Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç, Əliyeva Hökumə Cəlil qızı “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə, Əsədov Zülfiqar Sərdar oğlu, Rəhimli Aydan Vaqif qızı 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.

2025-ci il yanvarın 6-da isə Prezident İlham Əliyev “Embraer 190” təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb, təltifləri həlak olanların ailə üzvlərinə, sağ qalanların isə özlərinə təqdim edib.

AZAL-ın Müşahidə Şurasının qərarına əsasən, dekabrın 25-də “Embraer 190” təyyarəsində olan və xəsarət alanların hər birinə 20, vəfat edənlərin hər birinin ailəsinə isə 40 min manat kompensasiya ödənilməsi müəyyən edilib. Bununla yanaşı, bütün sərnişinlərə Azərbaycan qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi təyin olunub.

Həlak olan ekipaj üzvlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkəmizdə müxtəlif qurumlar tərəfindən fərqli tədbirlər həyata keçirilib.

İstintaq davam edir...

“Embraer 190” təyyarəsinin qəzaya uğraması dünya mediasının da gündəmində olub.

Dünyanın nüfuzlu media orqanları hadisə ilə bağlı müxtəlif versiyalar irəli sürüb. Qəza ilə bağlı yayımlanan xəbərlərdə təyyarənin Rusiyaya məxsus hava müdafiə sistemləri tərəfindən vurulma ehtimalı vurğulanıb.

Azərbaycanın Baş prokuroru Kamran Əliyev AZƏRTAC-a açıqlamasında bildirib ki, hadisə baş verən kimi Azərbaycanın prokurorluq orqanları tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Eyni zamanda, Qazaxıstan tərəfi də cinayət işi başladıb. Sonra Rusiya İstintaq Komitəsi də prosesə cəld olunub. “Sual yarana bilər ki, eyni hadisəyə görə niyə bir neçə ölkə cinayət işi başladır? Çünki bu məsələ hər üç dövlətin maraqlarına toxunub. Hadisə zamanı hər üç ölkənin və digər dövlətlərin vətəndaşları həm dünyasını dəyişib, həm də xəsarət alıblar”, - deyə Kamran Əliyev diqqətə çatdırıb.

Cari il fevralın 4-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb. Bu hesabat aşağıdakı faktları təsdiqləyib:

1. 2024-cü il dekabrın 25-də Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış “Embraer 190-100 IGW” tipli sərnişin hava gəmisi uçuşa başladıqda və Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdə olub. Hava gəmisinin, o cümlədən onun idarəetmə sisteminin uçuşa yararlılıqla əlaqədar bu məlumatlar FDR vasitəsilə öz təsdiqini tapıb.

2. Hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışıb. Bu məlumat FDR vasitəsilə təsdiq olunub.

3. Hava gəmisi Rusiya Federasiyasının hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşib.

4. Hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərar verib. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-də 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınıb.

5. CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilib ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxıb.

6. Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar edilib və foto, habelə video qeydiyyata alınıb. Həmin zədələr hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfüqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub.

7. Hava gəmisinin füzelyajında aşkar olunan zədələrin kənar obyektlərin təsiri nəticəsində formalaşması barəsində məlumat təqdim edilib. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməyib.

8. Hava gəmisi qalıqlarının kor zədələrində olan hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanaraq götürülüb və həmin kənar obyektlərin fotoşəkilləri ilkin hesabat mətnində ictimaiyyətə təqdim edilib. Gələcəkdə aşkar olunmuş kənar obyektlərin dəqiq mənsubiyyətinin müəyyənləşdirilməsi məqsədilə əlavə ekspertizaların keçirilməsi planlaşdırılıb.

9. 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispetçer “Ковер” əməliyyatı barədə Qroznıya məlumat verir.

10. Oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmayıb.

Bu il oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Görüş zamanı Vladimir Putin hadisədən sonra Prezident İlham Əliyev ilə birinci telefon danışığı əsnasında faciənin məhz Rusiya səmasında baş verdiyinə görə üzr istədiyini, həm də həlak olanların ailələrinə ən səmimi başsağlığı verdiyini xatırladıb. Rusiya Prezidenti deyib ki, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək.

Hər zaman haqq-ədaləti bərpa etməyə qadir olan Azərbaycanın bu hadisənin təfərrüatlarını da təfsilatlı şəkildə öyrənəcəyi və günahkarların cəzalanması ilə bağlı istəyinə çatacağı şübhə doğurmur.

Oxuməni.az

Chosen
47
6
oxumeni.az

10Sources