AZ

AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Qəzanın baş verməsindən bir il ötür

Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən, “Azərbaycan Hava Yolları” QSC-yə (“AZAL”) məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisinin Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğramasından bir il ötür.

Aznews.az xatırladır ki, qəza nəticəsində iki uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olub.

Pilotların peşəkarlığı sayəsində 29 nəfərin həyatı xilas edilib

İnsan tələfatı və xəsarət alanların olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib və 29 nəfərin həyatını xilas etmək mümkün olub. Qazaxıstan Respublikasında gözlənilən qəza enişi barədə məlumat daxil olduqdan dərhal sonra zəruri qəza-xilasetmə tədbirləri həyata keçirilib, sağ qalanlar təxliyə edilərək tibbi yardım göstərilib.

Prezidentə hadisə Rusiya hava məkanında olarkən məruzə edilib

25 dekabr 2024-ci il tarixində Sankt-Peterburq şəhərində keçiriləcək MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşmüş Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib. Təyyarədə olarkən dövlət başçısı tərəfindən qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına lazımı tapşırıqlar verilib.

Təyyarə endikdən dərhal sonra Prezident İlham Əliyev hadisə ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda müşavirə keçirib, lazımı tapşırıqlar verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun sədrliyi ilə Dövlət Komissiyası yaradılıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan itkisi ilə əlaqədar 2024-cü il dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

Azərbaycan və Qazaxıstanda cinayət işləri başlanıb

Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, “Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL) məxsus təyyarənin Aktauda qəzaya uğraması faktı ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 262.3 (hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Dövlət Komissiyası yaradılıb.

Eyni zamanda, təyyarənin qəzaya uğraması ilə Nəqliyyat vasitəsinin istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olması maddəsi ilə cinayət işi açılıb.

Həlak olan ekipaj üzvləri ilə vida mərasimi

29 dekabr 2024-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimi keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva vida mərasimində iştirak ediblər.

AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunublar.

Ekipaj üzvləri “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb

Prezident İlham Əliyev baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə Kşnyakin İqor İvanoviç (ölümündən sonra), Kalyaninov Aleksandr Georgiyeviç (ölümündən sonra) və Əliyeva Hökumə Cəlil qızı (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə, Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunublar.

Prezident İlham Əliyevin qəza ilə bağlı mövqeyi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verib. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir.

“Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir və dərhal, elə həmin gün bizim heyətimiz Aktau şəhərində artıq o videomaterialları təşkil edəndə ictimaiyyət də bu məsələ ilə məlumatlandırıldı. Füzelyajın dəlik-deşik olması, əlbəttə, göstərir ki, bilmirəm, ilkin olaraq kimin tərəfindən atılmış quş versiyası tamamilə gündəlikdən çıxarıldı. Ola bilər ki, təyyarə zədə alanda, zərbə alanda pilot bunu quşların təyyarə ilə toqquşması kimi qəbul edə bilərdi. Çünki yəqin ki, heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədə bizim təyyarəyə yerdən atəş açılsın. Ancaq təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik”, - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev bəyan edib ki, qəzanın təfərrüatları tam araşdırılacaq.

Prezident təyyarə ekipajının fəaliyyətini çox yüksək qiymətləndirib

Azərbaycanın baş verənlərlə bağlı Rusiyadan gözləntiləri və tələblərinin nədən ibarət olduğunu da açıqlayıb.

“Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik. Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir”, - dövlət başçısı vurğulayıb.

Seçilən
17
6
aznews.az

10Mənbələr