EN

Bakı Neft-Energetika Kollecində vətənpərvərlik və milli birlik tədbiri təşkil edilib - FOTOLAR

“Gənc Vətənpərvərlər” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər arasında Konstitusiya və Suverenlik İli”nin ideya və mahiyyətinin təbliği və vətənpərvərlik mövzusunda layihə çərçivəsində ADNSU-n nəzdində Bakı Neft-Energetika Kollecində tədbir keçirib.

QHT.az xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himni ilə başlayıb və Ulu Öndərin, eləcə də torpaqlarımızın müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Bakı Neft-Energetika Kollecinin direktoru Ata Babayev bildirib ki, Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, hüquqi və dünyəvi dövlət quruculuğunda, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsində, həmçinin dünya ölkələri ilə dostluq və əməkdaşlıq şəraitinin yaradılmasında mühüm qanunvericilik bazası rolunu oynayır.

Layihə rəhbəri Müqamət Əliyev vurğulayıb ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması Konstitusiyanın qəbul edilməsinin 30-cu ildönümü və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar tarixi əhəmiyyət kəsb edir. Bu, ölkəmizin nailiyyətlərini, Konstitusiyanın qüdrətini və tam suverenliyimizin bərpasını nümayiş etdirir.

Kollecin tarix müəllimi Əsmər Qəribova diqqətə çatdırıb ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması xalqımızın həyatında yeni və xoş başlanğıcların müjdəsidir. Xalqımızın milli iradəsi, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti və vətəndaşlarımızın bu inkişaf siyasətinə dəstəyi sayəsində Azərbaycan daha böyük hədəflərə çatacaq və tərəqqinin yeni mərhələlərinə yüksələcəkdir.

Tədbirdə çıxış edən digər natiqlər bildirib ki, Azərbaycan özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqləyib. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm hadisədir. Tədbirlər cəmiyyətimizdə həmrəylik ruhunu daha da genişləndirəcək və 2025-ci il milli birlik və həmrəylik ili kimi yadda qalacaq.

Tədbirin sonunda Bakı Neft-Energetika Kollecinin tarix müəllimi Sevinc Məmmədova və tarixçi Əsmər Qəribova gənclərdə vətənpərvərlik tərbiyəsinin təşviqi, milli-mənəvi dəyərlərin aşılanması istiqamətində göstərdikləri səylərə görə Fəxri Diplomla təltif olunub.

Tədbirdə ADNSU-n nəzdində Bakı Neft-Energetika Kollecinin müəllim kollektivi, tələbələr, GVİB-nin İdarə Heyəti və könüllülər iştirak ediblər.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə həyata keçirilir.

Chosen
17
qht.az

1Sources