EN

Media nümayəndələrinin Prezidentin izi ilə Ağdama səfəri başladı

Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Media nümayəndələrinin Prezidentin izi ilə Ağdama səfəri başlayıb.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, media nümayəndələri Prezident İlham Əliyevin izi ilə Ağdama təşkil olunmuş media-tur çərçivəsində dövlət başçısının açılışını etdiyi metal elektrik dirəklərinin istehsalı müəssisəsi ilə tanış olublar.

Ağdam Sənaye Parkında fəaliyyət göstərən “Construction” MMC-yə məxsus metal elektrik dirəklərinin istehsalı müəssisəsinin baş mühəndisi Turqay Abdullazadə jurnalistlərə bildirib ki, parkın 1 hektarlıq ərazisində yerləşən müəssisədə istehsal prosesi Çin texnologiyası əsasında qurulub. Zavodun metal elektrik dirəkləri üzrə illik istehsal gücü 7 min 200 ton təşkil edir. İstehsal olunan məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac üçün də nəzərdə tutulub.

Onun sözlərinə görə, investisiya həcmi 2,96 milyon manat olan müəssisədə 32 daimi iş yeri yaradılıb. Layihənin maliyyələşdirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1,2 milyon manat məbləğində zəmanətli kredit ayrılıb. Bundan əlavə, müəssisə sənaye parkının rezidentlərinə təqdim olunan bütün vergi və gömrük güzəştlərindən yararlanıb. Texnika və texnoloji avadanlıqların idxalı zamanı isə təxminən 443 min manat dəyərində ƏDV və gömrük rüsumlarından azadolma tətbiq olunub.

Qeyd edilib ki, sahibkarlıq fəaliyyətinin inkişafı üçün Ağdam Sənaye Parkında dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. Hazırda parkda ümumi investisiya həcmi 312 milyon manatdan çox olan 32 sahibkarlıq subyektinə rezident, 5 sahibkara isə qeyri-rezident statusu verilib. İndiyədək sənaye parkına investorlar tərəfindən 142 milyon manat sərmayə yatırılıb, 970-ə yaxın daimi iş yeri yaradılıb. İşlə təmin olunanların əksəriyyəti Ağdam və ətraf rayonların sakinləridir.

Sənaye Parkının rezidentləri tərəfindən istehsal olunan məhsulların satış həcmi 945 milyon manata çatıb ki, bunun da 39,5 milyon manatlıq hissəsi ixracın payına düşür.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı Fərmana əsasən, 190 hektar ərazidə yaradılan Ağdam Sənaye Parkının əsas məqsədi işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.

Parkın prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət, süd, yem və gübrə istehsalı və emalı, eləcə də müxtəlif xidmət sahələrinin və soyuducu anbarların yaradılmasıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
54
9
sherg.az

10Sources