EN

Pekkanın həyatı bir anın içində dəyişdi: Ağciyərində şiş tapıldı

Türk musiqisinin əfsanəvi siması Ajda Pekkanın bacısı Semiramis Pekkan son dövrlər səhhətində yaranan problemlərlə gündəmə gəlib.

“Yeni Sabah” Türkiyə mətbuatına istinadla xəbər verir ki,  sənətçi itini gəzdirərkən yıxılıb və bundan sonra aparılan tibbi müayinələr zamanı onun ağciyərində kütlə aşkar edilib.

Semiramis Pekkan açıqlamasında xərçəng müalicəsi aldığını təsdiqləyib. Bildirib ki, itini gəzdirərkən baş verən yıxılmadan sonra aparılan müayinələr zamanı ağciyərində şiş aşkarlanıb. Bu hal erkən diaqnozun həyat qurtarıcı rolunu bir daha göstərib.

Sənətçi xəstəliyini açıqlayarkən mütəmadi tibbi yoxlamaların və erkən aşkarlanmanın vacibliyini vurğulayıb. O qeyd edib ki, başına gələn bu hadisə həyatını tamamilə dəyişib və yaşanan hər bir hadisənin bir səbəbi olduğunu düşünür.

O,  xəstəliyinin səbəblərindən birini keçmişdə tütün və elektron siqaret istifadəsi ilə əlaqələndirib. O, bu vərdişlərin sağlamlığa ciddi zərər verdiyini sonradan anladığını bildirib və xüsusilə gəncləri bu mövzuda ehtiyatlı olmağa çağırıb.

Sənətçi elektron siqaretlərin “daha az zərərli” olduğu fikrinin yanlış olduğunu qeyd edərək, bunun ciddi sağlamlıq problemlərinə yol aça biləcəyini vurğulayıb.

Semiramis Pekkan səhhətinin nəzarət altında olduğunu və özünü yaxşı hiss etdiyini bildirib. “Allaha şükür, vəziyyətim yaxşıdır, narahat olmayın”, – deyə o, izləyicilərinə mesaj göndərib. Bununla yanaşı, xəstəliyin ciddiliyini də gizlətməyib.

Qeyd edək ki, Semiramis Pekkan tanınmış müğənni Ajda Pekkanın bacısıdır. O, sənət aləmində daha çox fərqli həyat tərzi və sosial şəbəkələrdəki səmimi paylaşımları ilə tanınır.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Chosen
34
yenisabah.az

1Sources