Matvey Safonovun forması hərracda rekord qiymətə satılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Məlumata görə, PSJ-nin qapıçısı Matvey Safonovun Qitələrarası Kubokun finalında geyindiyi isinmə forması hərracda 2 650 avroya (təxminən 4 900 manat) satılıb. Bu, hərracın ən bahalı lotlarından biri olub.
Formanı Fransadan olan bir PSJ azarkeşi əldə edib. O, daim qiyməti artıraraq sonda qalib gəlib.
Müqayisə üçün qeyd edək ki, “Qızıl top” sahibi Dembelenin oyun forması cəmi 1 826 avroya (təxminən 3 400 manat) satılıb. Safonovdan daha baha yalnız Due, Paço və Fabian Ruisin formaları satılıb.
Xatırladaq ki, Safonov dekabr ayında klubun ən yaxşı oyunçusu seçilib. O, “Flamenqo” ilə oyunda tarixi penaltilər seriyasında sınıq qolla oynamasına baxmayaraq, ardıcıl dörd zərbəni dəf edib. Rusiyalı qapıçı FİFA turnirləri tarixində bunu bacaran ilk qolkiper olub.
Xuraman Etibarlı
İnterpress.az