Mütəxəssislərin fikrincə, it sahibi olmaq həm fiziki, həm də psixoloji sağlamlığa müsbət təsir göstərir.
Milli.Az xəbər verir ki, aparılan araşdırmalar göstərir ki, itlərlə yaşayan insanlar daha aktiv həyat tərzi sürür və streslə daha asan mübarizə aparırlar.
İtlər gündəlik gəzintiyə ehtiyac duyduğundan, sahibləri də mütəmadi olaraq hərəkət etməyə məcbur qalır. Bu isə ürək-damar sağlamlığını yaxşılaşdırır, qan təzyiqinin və xolesterinin azalmasına kömək edir. Mütəxəssislər qeyd edirlər ki, it sahibləri gündəlik addım sayına görə digər insanlardan daha aktiv olurlar.
İtlərlə ünsiyyət xoşbəxtlik hormonu kimi tanınan serotoninin və oksitosinin ifrazını artırır. Bu da stresin azalmasına, əhval-ruhiyyənin yaxşılaşmasına və depressiya riskinin aşağı düşməsinə səbəb olur. Xüsusilə tək yaşayan insanlar üçün itlər emosional dəstək rolunu oynayır.
İt gəzintiləri zamanı insanlar bir-biri ilə daha asan ünsiyyət qurur. Bu isə sosiallaşmanı artırır, təkliq hissini azaldır və insanın özünü cəmiyyətin bir hissəsi kimi hiss etməsinə kömək edir.
Araşdırmalar göstərir ki, itlərlə böyüyən uşaqlarda immun sistem daha güclü olur, allergiya riski azalır. Yaşlı insanlarda isə it sahibi olmaq tənhalıq hissini azaldır, gündəlik rutin formalaşdırmağa kömək edir.
Mütəxəssislər vurğulayırlar ki, it sahibi olmaq məsuliyyət tələb etsə də, düzgün baxım və sevgi ilə bu dostluq insan sağlamlığına uzunmüddətli müsbət təsir göstərir.
Fidan
Milli.Az