EN

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Xalq qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanın Aktaudakı Baş konsulluğunun təşkilatçılığı ilə dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus “Embraer 190” tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının ildönümü ilə bağlı anım mərasimi keçirilib. 

Qəzanın baş verdiyi ərazidə keçirilən tədbirdə Baş konsulluğumuzun əməkdaşları, o cümlədən Türkiyə, İran, Özbəkistan, Türkmənistan Respublikalarının Aktaudakı baş konsulları və digər diplomatlar, Manqistau vilayət Xalq Assambleyasının və Ağsaqqallar Şurasının sədrləri, Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin müəllim və tələbələri, Azərbaycan diasporunun üzvləri, yerli ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak edib.

Tədbirin əvvəlində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, hadisə yerinə gül dəstələri qoyulüb, sonra həlak olanların ruhuna Qurandan dualar oxunub.

Baş konsul Ayxan Süleymanlı öz çıxışında Qazaxıstan tərəfinin baş vermiş faciəyə həssaslıq nümayiş etdirdiyini, qəza baş verdikdən sonra dərhal axtarış-xilasetmə əməliyyatının həyata keçirilməsində yüksək operativlik göstərdiyini, xəsarət alanlara və yaralananlara təxirəsalınmaz tibbi yardım edildiyini, sağ qalan Azərbaycan vətəndaşlarının, habelə həlak olan şəxslərin nəşlərinin ölkəmizə göndərilməsində, o cümlədən hadisə ilə bağlı bütün məsələlərdə yaxından dəstək verdiyini qeyd edib. 

Vurğulanıb ki, fəallıq göstərən Qazaxıstan vətəndaşları və aidiyyəti orqanların əməkdaşları Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təltif ediliblər.

A.Süleymanlı, həmçinin, bildirib ki, pilotlarımızın qəhrəmanlığı olmasaydı bəlkə də həlak olanların və yaralananların sayı daha da çox olardi. 

Çıxışının sonunda A.Süleymanlı Rusiya Federasiyasının bu hadisəyə hüquqi qiymət verəcəyinə ümid etdiklərini bildirib.

Daha sonra çıxış edən “Dostluq” Etnomədəni Birliyinin sədri Şəmsəddin Hüseynov qeyd edib ki, insanlar könüllü şəkildə qan vermə aksiyalarında fəal iştirak ediblər. Ş.Hüseynov öz adından və Qazaxıstanda yaşayan bütün azərbaycanlılar adından qazax xalqına bir daha minnətdarlığını bildirərək, Azərbaycan və qazax xalqlarının qardaş xalqlar olduğunu qeyd edib.

Qazaxıstan Xalq Assambleyasının vilayət Ağsaqqallar Şurasının sədri Onaybek Abdilov faciə qurbanlarının xatirəsini dərin hüznlə yad edib, belə ağır hadisələrdə xalqlar arasında həmrəyliyin və qarşılıqlı dəstəyin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Sonra Azərbaycan diasporunun təşkilatçılığı ilə həlak olanların ruhuna ehsan süfrəsi açılıb.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Aktau 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
28
3
xalqqazeti.az

4Sources