AZ

AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə başlı Aktau şəhərində tədbir keçirildi

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus “Embraer 190” tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının ildönümü ilə bağlı 2025-ci il dekabr ayının 25-də Baş konsulluğun təşkilatçılığı ilə anım mərasimi təşkil olunmuşdur. Tədbir qəzanın baş verdiyi ərazidə keçirilmişdir.

ildırım
İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə büro rəhbəri

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, tədbirdə Baş konsulluğumuzun əməkdaşları, o cümlədən Türkiyə, İran, Özbəkistan, Türkmənistan Respublikasının Aktaudakı baş konsulları və diplomatları, Manqistau vilayət Xalq Assambleyasının və Ağsaqqallar Şurasının sədrləri, Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin müəllim və tələbələri, Azərbaycan diasporunun üzvləri, yerli ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak etmişlər.

Tədbirin əvvəlində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, hadisə yerinə gül dəstələri qoyulmuş, sonra isə həlak olanların ruhuna Qurandan ayələr oxunmuşdur

Baş konsul Ayxan Süleymanlı öz çıxışında Qazaxıstan tərəfinin baş vermiş faciəyə həssaslıq nümayiş etdirdiyini, qəza baş verdikdən sonra dərhal axtarış-xilasetmə əməliyyatının həyata keçirilməsində yüksək operativlik nümayiş olunduğunu, xəsarət alanlara və yaralananlara təxirəsalınmaz tibbi yardım göstərildiyini, sağ qalan Azərbaycan vətəndaşlarının, habelə həlak olan şəxslərin nəşlərinin ölkəmizə gətirilməsində, o cümlədən hadisə ilə bağlı bütün məsələlərdə yaxından dəstək verdiyini qeyd etmişdir.
Vurğulamışdır ki, fəallıq göstərən Qazaxıstan vətəndaşları və aidiyyəti orqanların əməkdaşları Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təltif edilmişlər.
Baş konsul fürsətdən istifadə edərək qazax xalqına və dövlətinə təşəkkürünü ifadə edərək qeyd etmişdir ki, qəza baş verən gün qazax xalqı və dövləti Azərbaycanı tək qoymayaraq, özünün əsl dost olduğunu bir daha nümayiş etdirmişdir.

A.Süleymanlı həmçinin bildirmişdir ki, pilotlarımızın qəhrəmanlığı olmasaydı bəlkə də, həlak olanların və yaralananların sayı daha da çox ola bilərdi.
Çıxışının sonunda A.Süleymanlı Rusiya Federasiyasının bu hadisəyə hüquqi qiymət verəcəyinə ümid etdiklərini bildirmişdir.

Daha sonra çıxış edən “Dostluq” Etnomədəni Birliyinin sədri Şəmsəddin Hüseynov mərasimə qatılan hər kəsə təşəkkürünü bildirmiş, xatırlamışdır ki, bir il əvvəl məhz bu ərazi “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəza yerinə çevrilib və bu gün iştirakçılar həmin faciəni yad etmək üçün buraya toplaşıblar. Ş.Hüseynov qeyd etmişdir ki, faciə zamanı qazax xalqı böyük dəstək göstərmiş, insanlar könüllü şəkildə qan vermiş və yardım aksiyalarında fəal iştirak etmişlər. Çıxışının sonunda Ş.Hüseynov öz adından və Qazaxıstanda yaşayan bütün azərbaycanlılar adından qazax xalqına bir daha minnətdarlığını bildirərək, azərbaycan və qazax xalqlarının qardaş xalqlar olduğunu qeyd etmişdir.

Həmçinin anım mərasimində Qazaxıstan Xalq Assambleyasının vilayət Ağsaqqallar Şurasının sədri Onaybek Abdilov da çıxış etmişdir. O, faciə qurbanlarının xatirəsini dərin hüznlə yad edərək, bu cür ağır hadisələrdə xalqlar arasında həmrəyliyin və qarşılıqlı dəstəyin xüsusi əhəmiyyət daşıdığını vurğulamışdır.

Anım mərasimi çərçivəsində Azərbaycan diasporunun təşkilatçılığı ilə həlak olanların ruhuna ehsan süfrəsi açılmışdır.

KONKRET.az-ın Mərkəzi Asiya bürosu

 

Seçilən
74
3
konkret.az

4Mənbələr