EN

Yaponiya Nazirlər Kabineti 2026-cı maliyyə ili üçün rekord büdcə layihəsini təsdiqləYİB

Xərclərin 122,31 trilyon yenə çatdığı büdcə artımı hökumətin genişləndirici fiskal siyasəti və müdafiə ilə sosial təminata ayrılan vəsaitlərin yüksəlməsi ilə izah olunur...

Poliqon xəbər verir ki, Yaponiya hökuməti cümə günü 2026-cı maliyyə ili üçün dövlət büdcəsi layihəsini təsdiqləyib. Kyodo agentliyinin məlumatına görə, sənəddə xərclərin ümumi həcmi 122,31 trilyon yen, yəni təxminən 785 milyard dollar olaraq müəyyənləşdirilib ki, bu da ölkə tarixində ən yüksək göstəricidir. Büdcə gəlirləri isə 83,74 trilyon yen səviyyəsində proqnozlaşdırılıb və bu rəqəm də rekord hesab olunur. Xərclərin artması baş nazir Sanae Takaiti hökumətinin iqtisadiyyatı dəstəkləmək məqsədi daşıyan genişləndirici vergi-büdcə siyasəti ilə əlaqələndirilir.

Agentlik qeyd edir ki, 2026-cı maliyyə ili üçün büdcə ardıcıl ikinci ildir rekord səviyyəyə yüksəlir. Bir il əvvəl ilkin büdcə göstəricisi 115,2 trilyon yen olmuşdu. Cari artımın əsas səbəbləri sırasında hərbi-sənaye kompleksinə verilən sifarişlərin kəskin çoxalması xüsusi yer tutur. Belə ki, müdafiə xərcləri 9,04 trilyon yenlə tarixi maksimuma çatıb. Eyni zamanda, Yaponiya əhalisinin sürətlə qocalması fonunda sosial təminat xərcləri də əhəmiyyətli dərəcədə artaraq 39,06 trilyon yen təşkil edib.

Büdcə layihəsinə əsasən, hökumət gəlirlərdəki çatışmazlığı aradan qaldırmaq üçün 29,58 trilyon yen həcmində yeni dövlət istiqrazları buraxmağı planlaşdırır. Bu məbləğ ümumi büdcə xərclərinin təxminən dörddə birinə bərabərdir. Kyodo yazır ki, bu addım Yaponiyanın dövlət borcundan asılılığını daha da gücləndirir və ölkədə maliyyə vəziyyətinin gələcəkdə pisləşə biləcəyi ilə bağlı narahatlıqları artırır. Yeni baş nazirin xərcləri artıran siyasəti yenin məzənnəsinə də təzyiq göstərib ki, bu da enerji daşıyıcılarının idxalından ciddi asılı olan Yaponiya üçün risklər yaradır.

Məlumata görə, dövlət borcuna xidmət xərcləri, yəni əsas borcun qaytarılması və faiz ödənişləri də yeni rekorda imza ataraq 31,28 trilyon yenə yüksəlib. Bu göstərici dövlət maliyyəsinin yükünün artdığını açıq şəkildə ortaya qoyur.

Həftənin əvvəlində Yaponiya Nazirlər Kabineti 2026-cı maliyyə ili üçün ÜDM artımının 1,3 faiz səviyyəsində olacağını proqnozlaşdırıb. Bu, cari maliyyə ili üçün gözlənilən 1,1 faizlik artımdan daha yüksəkdir. Qeyd edək ki, Yaponiyada maliyyə ili aprel ayında başlayır. Büdcə layihəsinin parlament tərəfindən cari maliyyə ilinin sonuna qədər təsdiqlənəcəyi gözlənilir.

Poliqon.info

Chosen
36
13
poliqon.info

10Sources