EN

Azər Kərimli: “Müasir dövrdə suverenlik yalnız hüquqi yolla deyil, həm də siyasi iradə və hərbi güc ilə təmin olunur”



“Ağdam şəhərində ikinci yaşayış kompleksinin açılışı təkcə infrastruktur hadisəsi deyil, Azərbaycan dövlətçiliyinin ideoloji və tarixi davamlılığının rəmzidir. Cənab Prezident İlham Əliyevin açılş mərasimində etdiyi çıxışında səsləndirdiyi fikirlər bir daha göstərdi ki, “Böyük Qayıdış” yalnız fiziki köç prosesi yox, milli ləyaqətin, tarixi ədalətin və dövlət iradəsinin real nəticəsidir. Uzun illər məcburi köçkün həyatına məhkum edilmiş ağdamlıların doğma torpaqlarına qayıtması Azərbaycan dövlətinin, şəxsən möhtərəm Prezidentimizin verdiyi sözə sadiqliyinin, strateji səbrinin və qətiyyətinin təzahürüdür. Bu gün Ağdamda yeni şəhərsalma konsepsiyası əsasında qurulan yaşayış məhəllələri, yaradılan sosial infrastruktur müasir, təhlükəsiz və dayanıqlı həyat modelini ortaya qoyur.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.


Millət vəkili həmçinin bildirib ki, cənab Prezidentin çıxışında işğal dövründə Ağdamın məqsədyönlü şəkildə urbisidə məruz qalmasının vurğulanması da heç də təsadüfi deyil: “Bu fakt təkcə Ermənistanın vandal siyasətinin ifşası yox, həm də beynəlxalq riyakarlığın açıq sübutudur. Azərbaycan xalqı bütün bu illər ərzində işğalla barışmadı, çünki dövlət başçısının da qeyd etdiyi kimi, xalq və lider eyni amal ətrafında birləşmişdi. ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və işğalı legitimləşdirməyə yönəlmiş davranışı fonunda Azərbaycan öz gücünə arxalanaraq tarixi ədaləti bərpa etdi. Bu, müasir dövrdə suverenliyin yalnız hüquqi deyil, siyasi və hərbi iradə ilə təmin olunduğunu göstərən nadir nümunələrdən biridir. Bu gün Ağdamda həyatın yenidən canlanması Azərbaycanın postmünaqişə mərhələsində necə məqsədyönlü və sistemli siyasət apardığını bir daha sübut edir. Sənaye məhəllələrinin yaradılması, nəqliyyat infrastrukturu, mədəni və dini abidələrin bərpası Ağdamı gələcəyin böyük iqtisadi və mədəni mərkəzinə çevirir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, bütün bu proseslərin arxasında təkcə dövlət nəzarəti yox, xalqın ruh yüksəkliyi və Qarabağa bağlılığı dayanır. Məhz bu mənəvi faktor Azərbaycanın qısa müddətdə möcüzəvi bərpa işləri görməsini mümkün edib” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.



Chosen
35
aia.az

1Sources