"Vaşinqton görüşünün mühüm siyasi nəticələrindən biri ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı qərar oldu. Bu addım uzun illər ərzində səmərə verməyən vasitəçilik modelinin iflasa uğradığının rəsmi etirafı kimi qiymətləndirilərək regionda yeni siyasi reallığın formalaşmasına yol açdı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib: "Yeni mərhələdə isə proses birbaşa dialoq, suverenlik prinsipləri və real nəticələr üzərində qurulub. Bütün bunların fonunda sülh prosesinin praktiki nəticələri də özünü göstərdi. Ermənistan üçün tranzit imkanlarının açılması, yanacaq tədarükü məsələlərinin gündəmə gəlməsi, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində addımlar atıldı. Eyni zamanda, vətəndaş cəmiyyəti nümayəndələri, ekspert dairələri və humanitar qurumlar arasında görüşlər intensivləşdi. Bütün bunlar rəsmi siyasi proseslə paralel olaraq cəmiyyətlərarası etimadın formalaşmasına xidmət edən mühüm amillərdir.
Bu kontekstdə TRIPP marşrutu postmünaqişə dövrünün yeni fəlsəfəsini əks etdirən layihə kimi ön plana çıxır. Sözügedən marşrut yalnız nəqliyyat dəhlizi deyil, həm də sülhün iqtisadi əsaslar üzərində möhkəmləndirilməsi vasitəsi kimi dəyərləndirilir. Azərbaycan üçün TRIPP tranzit potensialının genişlənməsi, ticarət əlaqələrinin inkişafı və iqtisadi qarşılıqlı asılılığın regional sabitliyin təminatçısına çevrilməsi deməkdir".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31