EN

Deputat: “Virtual aludəçilik uşaqların tərbiyəsinə çox ciddi təsir edir”

“Dünən “Azərbaycan Uşaqları” İctimai Birliyinin qərargahında Azərbaycan Milli Qeyri – Hökumət Təşkilatları Forumunun birgə təşkilatçılığı ilə “Yeni reallıqlar, yeni həllər: Uşaqların ekran və virtual mühitə aludəçiliyi, müdafiəsiz vəziyyətə düşməsi” mövzusunda çox önəmli ictimai müzakirə keçirildi. 

Həmin müzakirədə bir neçə deputat həmkarımla birlikdə iştirak etdik. Öncə onu qeyd edim ki,  Azərbaycan Uşaqları” İctimai Birliyi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın bilavasitə dəstəyi ilə yeni müasir inzibati bina ilə təmin olunub. 

Bu bir daha Cənab Prezidentin, Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun bu sahəyə yüksək diqqət və qayğısını göstərir”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Ceyhun Məmmədov deyib.

Deputat təəssüflə qeyd edib ki, getdikcə uşaq və yeniyetmələrin ekran və virtual mühitə aludəçiliyi, rəqəmsal mühitin onların psixoloji durumuna mənfi təsiri halları getdikcə daha da artır:

“Bu da öz növbəsində ümumilikdə təlim və tərbiyə prosesinə çox ciddi təsir edir. Bu gün dünya ölkələrinin qarşısında duran ən mühüm vəzifələrdən biri də təhsil, tərbiyə  və texnologiya arasında balansın qorunmasıdır.

Məhz bu reallıqları nəzərə alaraq bir sıra dünya ölkələri uşaq və yeniyetmələrin virtual asılılığının, rəqəmsal mühitin onların psixologiyasına mənfi təsirinin aradan qaldırılması ilə bağlı müxtəlif qanunlar və  normalar qəbul etməyə başlayıblar. 

Gözlənən odur ki, bu prosesə getdikcə daha çox ölkə qoşulacaq. Bu da bir reallıqdır ki, yalnız qanunun qəbulu yetərli deyil, buna paralel olaraq həm dövlət qurumları həm də qeyri-hökumət təşkilatları tərəfindən geniş maarifləndirmə və təbliğat işləri də aparılmalıdır. 

Hörmətli xanım Sədr, əgər uyğun görsəniz qeyd olunan məsələlərin aktuallığı nəzərə alınaraq sözügedən məsələnin ölkəmizdə də  hüquqi tənzimlənməsi yollarının müzakirə olunmasını, eyni zamanda müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının iştirakı ilə Milli Məclisdə də bu barədə bir dinləmənin təşkili məsələsinin nəzərdən keçirilməsini təklif edirəm”.

Chosen
54
2
cebheinfo.az

10Sources