EN

Türkiyə analitik mərkəzinin rəhbəri: 907-ci düzəlişin ləğv edilməsi ABŞ ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq üçün stimuldur

Ankara, 26 dekabr, AZƏRTAC

ABŞ Konqresinin 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə qəbul etdiyi “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin ləğv edilməsi Vaşinqton ilə Bakı arasında daha sıx əməkdaşlığa yol açacaq. ABŞ Azərbaycanla, o cümlədən terrorizmlə mübarizə sahəsində fəal əməkdaşlıq edə biləcək.

Bu barədə AZƏRTAC-a müsahibəsində Türkiyənin enerji strategiyaları və siyasətləri araşdırma Mərkəzinin (TESPAM) baş katibi Oğuzxan Akyener bəhs edib.

O, Azərbaycan ilə Ermənistan arasında sülh prosesində Orta Dəhlizin mühüm halqası kimi Cənubi Qafqazın potensialının açılmasına töhfə verən irəliləyişlərə diqqət çəkib.

“907-ci düzəlişin ləğv edilməsi uzunmüddətli perspektiv layihələrə yönəlmiş bir çox xarici investorlar üçün də stimul olacaq”, - deyə TESPAM rəhbəri Azərbaycanın əhəmiyyətli logistika və tranzit imkanlarına diqqət çəkərək bildirib.

Mərkəzin baş katibi ABŞ hakimiyyət nümayəndələrinin Azərbaycan və Ermənistan arasında sülh prosesinə xələl gətirilməsinin yolverilməzliyi ilə bağlı bəyanatlarını da xatırladıb.

“Vaşinqtonda sülh prosesinin təşviqində və Cənubi Qafqazda əlaqələrin normallaşdırılmasında maraqlı olduqlarını gizlətmirlər, TRİPP layihəsinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayırlar. Donald Tramp administrasiyası Azərbaycanı ABŞ-ın regionda tərəfdaşına və müttəfiqinə çevirməyə hazır olduğunu nümayiş etdirir ki, bu da təkcə Cənubi Qafqaza və Türkiyəyə deyil, bütün Türk dünyasına fayda vəd edir”, - deyə O. Akyener sözünü yekunlaşdırıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Chosen
32
1
azertag.az

2Sources