EN

Sovet Azərbaycanının baş əlifba islahatçısı

Səməd ağa Ağamalıoğlu “türkçülüyə dözümlü” bolşevik idi

Sovet hakimiyyətinin ilk onilliyində Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri kimi yüksək vəzifə tutmuş Səməd Ağamalıoğlu (1867–1930) latın qrafikalı Yeni əlifba hərəkatının öncüllərindən biri olmuş, həm ictimai-siyasi xadim, həm publisist, həm də maarifçi kimi Azərbaycan tarixində iz qoymuşdur. Onun ən böyük amalı Azərbaycan və türkdilli xalqların mədəniyyətini yüksəltmək, dilini və əlifbasını inkişaf etdirmək olmuşdur. O, həmçinin qadın hüquqları,  təhsil, dil, mədəniyyət və maarif sahəsində islahatların həyata keçirilməsində mühüm rol oynamışdır. 

1922-ci il avqustun 11-də Sovet dövlətinin rəhbəri Vladimir Leninlə görüşmüş, Azərbaycan SSR-in ictimai, siyasi və iqtisadi vəziyyəti haqqında məlumat vermişdir. Azərbaycan SSR-də istifadə olunan ərəb-fars əlifbasının latın qrafikalı əlifba ilə əvəz olunmasını təklif etmiş və həmin dövrdə müsəlman dünyasında geniş etiraz və müzakirələrə səbəb olan  yenilikçi ideyanın müəllifi olmuşdur. Lenin bu təklifi yüksək qiymətləndirmiş və Şərqdə mədəni inqilab adlandırmışdır.

Tam adı Səməd ağa Həsən oğlu olan Səməd Ağamalıoğlu 1867-ci ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində varlı  mülkədar ailəsində dünyaya gəlmişdir. Zəmanəsinin ­maarifli  simalarından olan Səməd ağa ədalət və bərabərliyi ön planda saxlayan bir şəxs idi. 1905-ci ildə ata-babadan qalan  heyvan sürülərini, torpaq sahələrini və qiymətli əşyalarını xidmətçilərinə paylayaraq ağalıqdan imtina etmişdi. 

Təhsilini Qori Müəllimlər Seminariyasında tamamladıqdan sonra 1887-ci ildə Vladiqafqaz Hərbi Progimnaziyasını bitirmişdir. 1918-ci ilin fevralında Tiflisin siyasi mühitinə qoşularaq yerli bolşevik təşkilatı olan “Hümmət”in fəal üzvü,  “Gələcək” və “Pobujdeniye” qəzetlərinin redaktoru olmuşdur. Həmin ilin sonunda Bakıya köçərək 1920-ci ildən Kommunist Partiyasına üzv seçilmişdir. Bu dövr onun siyasi fəaliyyətinin genişlənməsi və dövlət idarəçiliyində rol alması baxımından çox əhəmiyyətli olmuşdur. O, yüksək vəzifələrdə çalışmasına baxmayaraq, hər zaman milliliyi və xalqın inkişafını ön planda tutmuş, dövlət siyasətində Azərbaycan və ümumtürk maraqlarını müdafiə etmişdir.

 1921-ci ildə qurulan Ümumittifaq Yeni Türk Əlifbası Komitəsinin sədri təyin olunmuş, Azərbaycanda və Sovet Şərqinin digər respublikalarında latın qrafikalı yeni əlifbaya keçid prosesinə rəhbərlik etmişdir. Sovetləşmə dövründə  Azərbaycanın ilk Xalq Torpaq Komissarı olmuş, 1921-ci ildə Azərbaycan SSR MİK sədrinin müavini vəzifəsini icra etmiş, 1922-ci ildə SSRİ-nin Birinci Sovetlər Qurultayında SSRİ MİK-in üzvü, daha sonra isə SSRİ MİK Rəyasət Heyətinin üzvü seçilmişdir. 1922–1929-cu illərdə Azərbaycan SSR MİK-in sədri və eyni zamanda, Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) MİK ­sədrlərindən biri kimi fəaliyyət göstərmişdir.

Səməd ağa həm də  yüzlərlə məqalənin, doqquz əsərin müəllifi olmuşdur. Onun qələmindən çıxmış “Azərbaycanın siyasi vəziyyəti”, “Bizim yolumuz nəyə xidmət edir?”, “Türk aləmində mədəni məsələlər”, “Oktyabr inqilabı və yeni əlifba”, “İki mədəniyyət”, “Yeni türk əlifbasının müdafiəsində” və digər əsərlər dövrünün aktual mövzularına həsr edilmişdir. Bu əsərlər böyük tirajlarla çap olunmuş, ictimai-siyasi mühitdə geniş rəğbət qazanmışdır. Səməd ağa ərəb-fars əlifbasının milli dilimiz üçün əngəl yaratdığını vurğulayaraq latın əlifbasının tətbiqini zəruri hesab edirdi. Bu ideya müsəlman aləmində geniş narazılıq doğurmuş, lakin onun məqsədi dilin, maarifin və mədəniyyətin inkişafına xidmət etmək idi.

Səməd Ağamalıoğlu yalnız dil və mədəniyyət  deyil, sosial sahədə də islahatçı olmuşdur. O, qadınlara təhsil almaq, vəzifə tutmaq, seçmək və seçilmək hüquqlarının verilməsini, qadınların azadlığını müdafiə etmişdir. Bu təkliflər sovet rəhbəri Lenin tərəfindən də yüksək qiymətləndirilmişdir. Lakin radikal dini qurumlar və qatı dindarlar onun ideyalarını qəbul etməyərək  ölümünə fətva vermişlər.

I Türkoloji Qurultayın təşkili və həyata keçirilməsində fəal iştirak edən Xalid Səid Xocayev qeyd edirdi ki, qurultay çağırmaq və vahid əlifba sistemi yaratmaq heç də sadə iş deyildi. Çünki bir çox türk xalqları mənəvi və ideoloji baxımdan bu dəyişikliyə hazır deyildi. Onlar inanırdılar ki, yeni əlifbaya keçidlə dini dəyərlərdən, hətta “Qurani-Kərim”dən uzaq düşəcəklər. Bəzi bölgələrdə xurafat geniş yayıldığından ziyalılar bu prosesə qoşulmaqdan çəkinir, təqib və təzyiqlərdən qorxurdular. Digər tərəfdən, bəzi ziyalılar yeni əlifbanın perspektivlərini görmədikləri üçün köhnə əlifbanı dəyişdirməyi məqsədəuyğun hesab etmirdilər.

Səməd Ağamalıoğlu isə bütün bu çətinlikləri aradan qaldırmağın yolunu  qurultayın çağırılmasında görürdü. Onun baxışına görə, qurultaya gedən yol türk dövlətləri arasında aparılan təbliğatdan və onların mənəvi-ideoloji birliyindən keçir. 

 Səməd Ağamalıoğlu Azərbaycan dilinin inkişafına da böyük diqqət göstərirdi. O, ərəb-fars əlifbasına qarşı çıxaraq dilimizə uyğunlaşdırılmış latın qrafikalı əlifbaya keçidin zəruri olduğunu vurğulayırdı. Sovet hökuməti onun bu mühüm və faydalı təşəbbüslərinin həyata keçirilməsinə şərait yaratdı.

Filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədova Səməd ağa Ağamalıoğlunun fəaliyyətini qiymətləndirərkən yazır ki, M.F.Axundovdan sonra əlifba islahatı ideyasının davamçıları olan N.Nərimanov, M.Şahtaxtlı, F.Köçərli, M.Cəlil, Ü.Hacıbəyov və S.Ağamalıoğlu xalqın maarif və mədəni inkişaf strategiyasının müəyyənləşməsində böyük rol oynamışlar. Səməd ağa Ağamalıoğlunun türk dünyası qarşısında ən böyük xidmətlərindən biri I Bakı Türkoloji Qurultayının ideya müəllifi və əsas təşkilatçılarından biri olmasıdır. O, bu qurultayın təşkili üçün böyük əzmlə çalışmış, iki aya yaxın Orta Asiya çöllərində gəzib-dolaşaraq qazax, qırğız, özbək, başqırd türklərini, çuvaşları, yakutları, saxaları bir araya gətirmişdir. 1926-cı ilin fevral-mart aylarında keçirilən bu ali məclis türk xalqlarının elmi-mədəni birliyinin formalaşmasına, latın qrafikalı əlifbanın tətbiqinə və ortaq milli-mənəvi dəyərlərin inkişafına mühüm təsir göstərmişdir. 

Səməd Ağamalıoğlu 1930-cu ildə Moskvada gözlənilmədən vəfat etmiş və orada dəfn olunmuşdur. 1937-ci ilin repressiyasından və uzun sürən ağrılı-acılı işgəncələrindən vaxtsız ölümün xilas etdiyi Səməd Ağamalıoğlunun cənazəsi  Azərbaycan hökumətinin qərarı ilə Bakıya gətirilmiş və  Fəxri xiyabanda dəfn olunmuşdur. Bu addım Səməd Ağamalıoğlunun Azərbaycan xalqı və Türk dünyası qarşısında misilsiz xidmətlərinin rəsmi şəkildə tanınması idi.

Namiq Əhmədov
XQ

Chosen
31
1
xalqqazeti.az

2Sources