EN

Bəylər Eyyubovun qardaşı oğlundan xəbər var

Siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq üzrə saxlanılan iş adamı Ruslan Eyyubov barəsində olan həbs qərarından apellyasiya şikayəti versə də, sonradan şikayətini geri götürüb.

Editor.az  APA-ya istinadən xəbər verir ki, Ruslan Eyyubovun şikayətini geri götürdüyü bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə məlum olub.
Şikayət geri götürüldüyündən ərizəyə baxılmayıb.

Qeyd edək ki, Ruslan Eyyubov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq üzrə saxlanılıb. “NB Qrup” şirkətinin rəhbəri Ruslan Eyyubov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 206.4 (mütəşəkkil dəstə tərkibində külli miqdarda qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama) və 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan olunub.

Ruslan Eyyubov həm də bir neçə gün öncə Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilmiş Həsən Eyyubovun qardaşıdır.

***11:06

5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının faktiki rəhbəri Ruslan Eyyubov apellyasiya şikayəti verib.

Editor.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun şikayətinə bu gün baxılacaq.

Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, Ruslan Eyyubovun həbsdən azad edilməsi istənilir.

Ruslan Eyyubovun müdafiəsini tanınmış vəkil Muxtar Mustafayev həyata keçirir. Həmin vəkil bundan əvvəl “Dəmirçi Plaza”nın sahibinin oğlu Qafar Dəmirçinin, eləcə də çoxsaylı məmur və iş adamlarının müdafiəçisi olub.

Qeyd edək ki, R.Eyyubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır.  Onlar Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi general–polkovnik Bəylər Eyyubovun qardaşı oğlanlarıdır.

Chosen
61
26
editor.az

10Sources